16:59
15 Oktyabr 2020

"Koronavirusun cəbhə bölgələrinə yayılmaması üçün maksimum çalışmalıyıq" - DEPUTAT

“Koronavirus (COVID-19) infeksiyasına yoluxma sayının artıma doğru getməsi bizim bir neçə ay əvvəl dediyimiz riskli göstəricilərin meydana gəlməsinə gətirib çıxara bilər”.

Bu sözləri Lent.az -a açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli deyib. O xatırladıb ki, oktyabr ayının 15-dən noyabr ayının sonunadək ölkədə koronavirusla bağlı riskli dövrün olacağını bir neçə dəfə müxtəlif proqramlarda, o cümlədən əhalinin maarifləndirilməsi istiqamətində aparılan tədbirlərdə dilə gətirib:

“Karantin qaydalarının yumşalması, məktəblərin açılması və s. riskli dövrün olmasını aktual edirdi. Bununla yanaşı insanların müsbət dinamika əldə etdikdən sonra arxayınlaşması, üç qızıl qaydaya (maska taxılması, dezinfeksiyaedici vasitələrdən istifadə, sosial məsafənin qorunması) diqqət etməməsi də yoluxma sayının artmasına gətirib çıxardı.

Qeyd edim ki, Azərbaycanın Ermənistan təcavüzünə qarşı əks-hücum əməliyyatları və Ordumuzda qazandığımız ardıcıl uğurlar insanlarda ruh yüksəkliyi yaratdı ki, koronavirus infeksiyası bir növ unuduldu və ikinci plana keçdi. Sözügedən vəziyyətlə bağlı olaraq isə hazırda kütləvi olaraq insanlar bir yerə yığışırlar və sıx təmasda olurlar. Həm bu, həm də ki, qeyd etdiyim yumşalma halları yoluxma sayının artmasına səbəb olur ki, bu da koronavirusun ikinci dalğa təhlükəsinə gətirib çıxara bilər”.

M.Məmmədli vətəndaşlara müraciət edərək, üç qızıl qaydaya əməl etməyin zəruriliyindən söz açıb:

“Biz qoruyucu tədbirlərə və mövcud qaydalara maksimum əməl etməliyik. Hazırda öz sağlamlığımızı qorumaqla yanaşı Ordumuzun qazandığı uğurlara da töhfəmizi verə bilərik.

Bundan başqa, koronavirus infeksiyasına yoluxanların sayının artması səhiyyə sisteminin yükünü artıraraq, xəstəxanalarda yer çatışmazlığına səbəb ola bilər. Hazırda müxtəlif ixtisas sahibi olan həkimlərin ön cəbhəyə, Ordumuza xidmət üçün cəlb olunduğunu da nəzərə alsaq, bu onların işini çətinləşdirə bilər.

Eyni zamanda hazırda dövlətin müvafiq strukturlarının diqqətinin ön cəbhəyə yönləndirilməsi vacibdir. Ordu cəmiyyətin ayrılmaz tərkib hissəsidir. Hazırda orduda xidmət edən əsgər və zabitlər yerli əhali ilə kontaktda olurlar və bunun nəticəsində onların da virusu yoluxma təhlükəsi var. Bütün bunları düşünərək daha diqqətli olmalı, koronavirusun cəbhə bölgələrinə yayılmaması üçün maksimum çalışmalıyıq”.

Qeyd edək ki, bu gün Azərbaycanda koronavirus infeksiyasına 530 yeni yoluxma faktı qeydə alınıb.

Dİgər xəbərlər