Nimdaş ayaqqabı, dar günün gərəyi, qürurlu Hikmət kişi – Onu bütün Azərbaycan tanıdı
07 oktyabr 2020 16:19 (UTC +04:00)

Nimdaş ayaqqabı, dar günün gərəyi, qürurlu Hikmət kişi – Onu bütün Azərbaycan tanıdı

 

“Düzünü desəm, Hikmət kişi kəndimizin ən imkansız adamlarındandı. Amma görün nə boyda ürək sahibi imiş”. Bunu Lent.az-a açıqlmasında Şəki rayonu icra hakimiyyətinin Baş Küngüt üzrə nümayəndəsi Şahin İslamov deyir. 

Hə, həmin kişidir, nimdaş ayaqqabıları ilə Şəki şəhərində yerləşən ASAN Xidmətə gəlib pensiyasını silahlı qüvvələrə yardım fonduna köçürən Hikmət Musayev. 

Hikmət kişiylə bağlı ilk xəbəri “ASAN Xidmət”in əməkdaşı Orxan Cəfərov sosial şəbəkədə paylaşdı. Orxanın paylaşımından məlum oldu ki, o, ASAN Xidmətə gələrək, öz pensiyasından ordumuza 180 manat yardım edib. 

Hikmət kişi deyir ki, onun aylıq pensiyasının miqdarı 230 manatdı. Fonda köçürdüyü 180 manatı dar gün üçün yığıbmış. Amma buna baxmayaraq, erməniylə döyüşən əsgərlərimizə yardım etmək qərarına gəlib.

Ardını icra nümayəndəsi Şahin İslamov danışır:

- Hikmət kişi kəndimizin ən imkansız sakinlərindəndi. 5 uşaq böyüdüb - 4 qız köçürüb, bir oğlan evləndirib. Kiçik təsərrüfatı var. O kiçik təsərrüfat və pensiyası ilə birtəhər dolanır. Düzü, mən səhər eşitdim. Və həmyerlimlə, kəndlimlə qürur duydum. İnanın, Azərbaycanın hər yerindən axışıb kəndə gəlirlər Hikmət kişiylə görüşmək üçün. Nə qədər ayaqqabı gətirən var. (Gülür) Mənə hətta Almaniyadan belə zəng etmişdilər ki, o ki şinin qarşısında baş əyirik, nə kömək lazımdı göndərək. İnanın, çox kövrəldim. Biz nə böyük xalq imişik...

Şahin müəllimlə söhbətdə bir və bəlkə də ən əsas məqamın üstünə çıxdıq.

Sən demə, Baş Küngütdə camaat cəbhəyə yardım məqsədilə öz aralarında xüsusi fond yaradıblarmış. 

- Biz əsasən çayxanalara elan yapışdırmışdıq ki, kimin qulpundan nə çıxır yığaq əsgərlərə lazımi ləvazimatlar, ərzaq-filan alaq göndərək. Siyahı tutuldu. Xeyli pul yığıldı. Sənədləşdirdik. Həmin əşyaları, ərzağı aldıq və cəbhəyə göndərdik. Amma Hikmət kişi bundan sonra xəbər tutmuşdu. Artıq gec olduğundan o da öz borcunu ayrıca belə yerinə yetirib. 

İcra nümayəndəsinin dediyinə görə, Hikmət kişinin bu hərəkəti doğrudan da çox duyğusaldı, böyük insanlıq və vətəndaşlıq nümunəsidi. “Təki əsgərimiz sağ olsun, Allah əsgərimizi qorusun. Onun naminə hər şeyə hazırıq”.

 

# 811
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar