Pişik nəhəng ayını  həyətdən qovdu -VİDEO
01 iyul 2026 15:07 (UTC +04:00)

Pişik nəhəng ayını həyətdən qovdu -VİDEO

0

Kanadada kiçik bir ev pişiyi həyətə daxil olan nəhəng qara ayını cəsarətlə qovaraq sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, görüntülər Kanadanın Britaniya Kolumbiyası əyalətinin Kvuesnel şəhərində qeydə alınıb.

Hadisə zamanı çəkilən görüntülərdə qara ayının sakit şəkildə yaşayış evinin həyətində gəzdiyi, qonşuların isə təhlükəsiz məsafədən onu izlədiyi görünür.

Ayının sakit gəzintisi həyətə qəfil daxil olan qara-ağ rəngli ev pişiyinin hücumu ilə yarımçıq qalıb. Heç bir tərəddüd etmədən özündən dəfələrlə böyük olan yırtıcının üzərinə qaçan pişik ayını çaşdırıb.

Gözlənilməz hücumdan qorxan ayı sürətlə qaçaraq hasarın üzərindən tullanıb və yaxınlıqdakı meşəyə üz tutub. Pişik isə həyətdə qalaraq ərazisini uğurla qoruyub.

Mütəxəssislərin məlumatına görə, qara ayılar Britaniya Kolumbiyasında geniş yayılıb. Əyalətdə onların sayının 120-160 min arasında olduğu təxmin edilir ki, bu da Şimali Amerikadakı əyalət və ştatlar arasında ən böyük qara ayı populyasiyası hesab olunur.

Xüsusilə yay aylarında qida axtaran ayılar yaşayış məntəqələrinə daha tez-tez yaxınlaşırlar. Buna görə də insanlar belə hallarla vaxtaşırı qarşılaşırlar.

Mütəxəssislər bildirirlər ki, qara ayılar digər ayı növləri ilə müqayisədə daha az aqressiv sayılsalar da, son dərəcə güclü yırtıcılardır və insan üçün ciddi təhlükə yarada bilirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 342

Oxşar yazılar