Vəfat edən Nurlana Əliyeva kimdir?  - Adı qalmaqallarda  hallanan rektor
01 iyul 2026 14:09 (UTC +04:00)

Vəfat edən Nurlana Əliyeva kimdir? - Adı qalmaqallarda hallanan rektor

0

Xəbər verdiyimiz kimi Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyeva vəfat edib.

Lent.az “Bioqrafiya” rubrikasında mərhum rektor barədə məlumat verir.

Nurlana Əliyeva kimdir?

Nurlana Müzəffər qızı Əliyeva Azərbaycan alimi, filologiya elmləri doktoru, professor və təhsil xadimidir. O, uzun illər ölkənin ali və orta ixtisas təhsili sistemində rəhbər vəzifələrdə çalışıb, elmi-pedaqoji fəaliyyəti ilə tanınıb.

Nurlana Əliyeva nə vaxt və harada anadan olub?

Nurlana Əliyeva 28 avqust 1946-cı ildə Gəncə şəhərində müəllim ailəsində anadan olub.

Nurlana Əliyeva harada təhsil alıb?

Nurlana Əliyeva orta təhsilini Gəncə şəhərində Cəfər Cabbarlı adına 6 nömrəli məktəbdə alıb. Daha sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

Nurlana Əliyeva əmək fəaliyyətinə nə vaxt başlayıb?

Nurlana Əliyeva 1969-cu ildə əmək fəaliyyətinə başlayıb. O, Bakı şəhərindəki 134 nömrəli məktəbdə, Bakı Maliyyə-Kredit Texnikumunda Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışıb.

Nurlana Əliyeva hansı təhsil müəssisəsinə rəhbərlik edib?

Nurlana Əliyeva 29 dekabr 1990-cı ildən Azərbaycan Dövlət Pedaqoji Kollecinə (keçmiş M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumu) rəhbərlik edib.

Nurlana Əliyevanın elmi dərəcələri hansılardır?

Nurlana Əliyeva "Azərbaycan bədii nəsrində müasir kənd və onun problemləri" mövzusunda namizədlik, "60–80-ci illər Azərbaycan nəsrində qəhrəman və üslub axtarışları" mövzusunda isə doktorluq dissertasiyası müdafiə edib. O, filologiya elmləri doktoru və professordur.

Nurlana Əliyeva neçə kitabın müəllifidir?

Nurlana Əliyeva 12 kitabın və onlarca elmi, publisistik məqalənin müəllifidir.

Nurlana Əliyevanın siyasi fəaliyyəti nədən ibarət olub?

Nurlana Əliyeva Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü olub. O, 2009–2021-ci illərdə YAP Respublika Qadınlar Şurasının sədri vəzifəsini icra edib.

Nurlana Əliyeva Bakı Slavyan Universitetinin rektoru nə vaxt təyin olunub?

Nurlana Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin 23 iyun 2016-cı il tarixli sərəncamı ilə Bakı Slavyan Universitetinin rektoru təyin olunub.

Nurlana Əliyeva Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən nə vaxt azad edilib?

Nurlana Əliyeva Prezident İlham Əliyevin 22 iyun 2021-ci il tarixli sərəncamı ilə Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilib.

Nurlana Əliyeva hansı mükafatlara layiq görülüb?

Nurlana Əliyeva 2004-cü ildə "Azərbaycan Respublikasının Əməkdar müəllimi" fəxri adına layiq görülüb. O, 2008-ci ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.

Nurlana Əliyevanın ailəsi haqqında nə məlumdur?

Nurlana Əliyeva ailəlidir. Onun iki övladı və beş nəvəsi var. O, sabiq deputat Hadi Rəcəblinin qudasıdır.

Onun adı hansı məhkəmə işi ilə bağlı hallanıb?

Nurlana Əliyevanın adı Bakı Slavyan Universitetinin əlavə və qiyabi təhsil şöbəsinin keçmiş müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırmalarında hallanıb. Həmin işdə təqsirləndirilən Dürdanə Əliyeva məhkəmədə ittiham olunan bəzi əməllərin sabiq rektorun iştirakı ilə həyata keçirildiyini iddia edib.

Nurlana Əliyeva həmin iş üzrə təqsirləndirilən şəxs olubmu?

Nurlana Əliyeva həmin cinayət işi üzrə təqsirləndirilən şəxs kimi deyil, şahid qismində məhkəməyə çağırılıb.

Niyə onun barəsində məcburi gətirilmə qərarı çıxarılmışdı?

Nurlana Əliyevam məhkəmə iclaslarına bir neçə dəfə gəlmədiyi üçün Bakı Ağır Cinayətlər Məhkəməsi onun şahid qismində ifadə verməsini təmin etmək məqsədilə məcburi gətirilmə barədə qərar qəbul etmişdi. Hakim bunun zəruri olduğunu əsaslandıraraq qərarı bir neçə dəfə qüvvədə saxlamışdı.

Allah rəhmət eləsin. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 532

Oxşar yazılar