Vətəndaşların səyahət imkanlarının asanlaşdırılması, ölkələr arasında əməkdaşlığın gücləndirilməsi və turizmin inkişafının təşviqi məqsədilə Yaponiya və Koreya Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşlarının 2026-cı ilin 1 iyul tarixindən 2027-ci ilin 1 iyul tarixinədək Azərbaycan Respublikasının ərazisinə turizm məqsədilə daxil olması üçün viza tələbi ləğv edilib.
Bu barədə Lent.az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, yeni qaydalara əsasən, qeyd olunan ölkələrin vətəndaşları göstərilən müddət ərzində Azərbaycan Respublikasına üç dəfə vizasız gələ və hər gəliş zamanı ölkədə 30 günədək qala bilərlər.
"Ölkəyə turizmdən fərqli məqsədlərlə gəlmək və ya burada uzunmüddətli qalmaq niyyətində olan sadalanan ölkə vətəndaşları isə qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq viza əldə etdikdən sonra Azərbaycana gələ bilərlər.
Xatırladaq ki, Azərbaycan ərazisində 15 gündən artıq müvəqqəti olan əcnəbilərin Miqrasiya Məcəlləsinin tələblərinə müvafiq qaydada olduğu yer üzrə qeydiyyata alınması zəruridir. Bununla yanaşı, qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduğu təqdirdə əcnəbilər ölkə ərazisində müvəqqəti olma müddətləri bitənədək bu müddətin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “miqrasiya xidmətləri” işçi pəncərəsi vasitəsilə fiziki qaydada və ya Xidmətin rəsmi internet səhifəsinin “Elektron xidmətlər” bölməsinə keçid etməklə elektron qaydada Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir",- məlumatda qeyd edilib.