751
11:42
08 Sentyabr 2020

Baş həkim ağır xəstəlikdən sonra bərpa edilən uşaqlardan DANIŞDI

Bu gün dünyada Beynəlxalq Fizioterapiya Günü qeyd olunur.

Lent.az məlumat verir ki, bununla bağlı Səhiyyə Nazirliyinin nəzdində olan, Bakının Buzovna qəsəbəsində yerləşən Respublika Uşaq Sanatoriyasının baş həkimi Rauf Qurbanov bildirib ki, fizioterapiya insan orqanizmini ağır xəstəlikdən sonra bərpa edib, kəskinləşmədən qorunmağa kömək edən müalicə və profilaktika vasitəsidir:

"Onun təsirləri sırasında metabolik proseslərin aktivləşdirilməsi, qan və limfa dövranlarının stimullaşdırılması, ağrıkəsici, spazmalitik, immunostimullaşdırıcı və bərpaedici funksiyaları qeyd etmək olar. Bizim tibb ocağında təqbiq edilən müalicə üslubunda fizioterapiya vacib bir yer tutur".

R.Qurbanov qeyd edib ki, tibb müəsissəsinin əsas məqsədi somatik xəstəliyi olan 2-14 yaş qruplu uşaqların funksional qabiliyyətləri və həyat keyfiyyətinin yaxşılaşdırılması və bərpasıdır:

"Sanatoriyada əsasən tez-tez soyuqdəyməyə meyilli olan, ürək-damar sisteminin qeyri-aktiv və ya remissiya mərhələsində və neyrosirkulyator distoniyası olan, mədə-bağırsaq və tənəffüs orqanlarının xroniki xəstəliklər, onurğa sütununun və döş qəfəsinin deformasiyasından əziyyət çəkən, revmatik xəstəlikləri olan uşaqlar müalicə alır".

Baş həkimin sözlərinə görə, hazırda müəssisədə paytaxtdan və bölgələrdən olan 82 uşaq müalicə alır:

"Lakin keçmiş illərdə bu say yay aylarında tətil ilə əlaqədar 240-a çatırdı. Hazırda COVID-19 pandemiyası ilə bağlı vəziyyəti nəzərə alaraq, bu rəqəmlər azalıb".

Rauf Qurbanov həmçinin, sanatoriyada həyata keçirilən müalicə proqramı haqqında da məlumat verib:

"Proqram həkim-pediatrın qəbulu və nəzarəti ilə başlayıb, iqlim terapiya, vanna qəbulu, massaj, fitoterapiya və bədən tərbiyəsi ilə davam edilir. Bunun üçün sanatoriyanın birinci mərtəbəsində elektrokardioqramma (EKQ), fizioterapiya, tədris-təlim, psixologiya, massaj, inqalasiya, ultrasəs müayinəsi, laboratoriya, vanna otaqları fəaliyyət göstərir".

Qeyd edək ki, sanatoriyaya uşaqlar qeydiyyatda olduqları poliklinika tərəfindən verilən AR Səhiyyə Nazirliyi Sanatoriyasına göndəriş (Forma 076) əsasında qəbul edilir. Müalicə profilaktika müəssisələrinin həkimləri (sahə pediatrları) şöbə müdirləri, həkim komissiyasının qərarı ilə sanator müalicəyə ehtiyacı olan uşaqlara icrası tələb olunan müayinələr və mütəxəsislərin baxışı siyahısını rəhbər tutaraq, müvafiq göstərişlərə əsasən sanator-kurort kartı verir.