Külək enerjisi  - Qlobal enerji tələbatını təmin edəcək mənbə  
05 sentyabr 2020 10:14 (UTC +04:00)

Külək enerjisi  - Qlobal enerji tələbatını təmin edəcək mənbə  

XXI əsirdə məlum səbəblərdən ekoloji durumun korlanması, dünyanın karbohidrogen ehtiyatının tükənməsi və həmçinin dünyanın günü-gündən enerjiyə olan tələbatının artması ilə əlaqədar olaraq alternativ enerji mənbələrindən və xüsusilə külək enerjisindən istifadə edilməsi günümüzün mühüm məsələlərindəndir. Külək qurğularının və günəş batareyalarının quraşdırılması ətraf mühitdə hər hansı bir ekoloji pozuntu (çirklənmə) ilə müşayiət olunmur. Bu aspektdə açıq dəniz külək enerjisinin potensialı diqqət çəkir.

Açıq dəniz külək enerjisi gücü dünya səviyyəsində illik 420 trilyon kilovat/saat elektrik enerjisi istehsalı potensialına malikdir. Bu miqdar bugünkü qlobal elektrik enerjisi tələbatından 18 dəfə çoxdur. Ancaq açıq dəniz külək enerjisi bu gün qlobal elektrik enerjisi istehlakının sadəcə 0,3%-ni təşkil edir. Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına görə, 2040-cı ildə qlobal açıq dəniz külək enerjisindən istifadə həcmi 15 dəfə arta və sektor bir trilyon dollarlıq investisiya cəlb edə bilər. Hesabatda qlobal açıq dəniz külək enerjisi bazarının 2010 və 2018-ci illər arasında hər il təxminən 30% artdığı bildirilir. Hazırda dünya üzrə həyata keçirilməkdə olan 150 yeni açıq dəniz külək enerjisi layihəsi mövcuddur və onların arasında Çin də yer alır. Avropa İttifaqının (Aİ) açıq dəniz külək enerjisi gücü hazırda 20 QVt həcmindədir və bu gücün 2040-cı ildə 130 QVt-a çatacağı proqnozlaşdırılır. BEA-ya görə, Aİ ölkələri sıfır karbon hədəflərinə çatacağı təqdirdə açıq dəniz külək enerjisi gücü 180 QVt-a çataraq, Avropanın ən böyük elektrik enerjisi mənbəyi rolunu oynaya bilər.

 

Hesabata görə, Çin bu gün 4 QVt olan açıq dəniz külək enerjisi gücünü artırmaqla 2025-ci ilə Böyük Britaniyanı keçərək bütün dünyada ən çox açıq dəniz külək enerjisi gücünə malik olacaq.  BEA-ya görə, açıq dəniz külək enerjisindən istifadə sahəsində ən böyük texnoloji nailiyyətlərdən biri dənizdə sahildən daha uzağa yerləşdirilə biləcək üzən turbinlərin inkişaf etdirilməsi ola bilər.

 

Rekord artım və proqnoz

 

BP şirkətinin “Statistical Review of World Energy 2020” hesabatına əsasən, 2019-cü ildə bərpa olunan enerji (bioyanacaq daxil olmaqla) enerji baxımından istehlakda rekord bir artım göstərib (3.2 eksacoul). Bu həm də 2019-cu ildə istənilən enerji mənbəyi üçün ən böyük artım idi. Bu, keçən il ilkin enerjinin qlobal artımının 40%-dən çoxunu təşkil edib ki, bu da hər hansı digər yanacaqdan daha böyükdür. Nəticədə, bərpa olunan enerji mənbələri enerji qarışığındakı payını 2018-ci ildəki 4.5%-dən 5%-ə qədər artırıb. Külək bərpa olunan enerjinin böyüməsinə ən böyük töhfə verib (1.4 eksacoul), günəş (1.2 eksacoul). Ölkəyə görə Çin, bərpa olunan enerji artımının ən böyük iştirakçısı (0.8 eksacoul), ardınca ABŞ (0.3 eksacoul və Yaponiya (0.2 eksacoul). Hidroenerjidə (0.6 eksacoul) Türkiyə (0.3 eksacoul) və Hindistanın (0.2 eksacoul) liderliyi ilə hidroelektrik istehlakı orta hesabla 0.8% artıb.

 

Bərpa olunan enerji (hidroenerji istisna olmaqla) elektrik enerjisi istehsalında ən böyük artımı təmin edib, kömür hasilatı azaldıqsa təbii qaz əlavə edilib. Enerji istehsalında bərpa olunan enerjinin payı ilk dəfə nüvəni üstələyərək 9,3%-dən 10,5%-ə yüksəlib. Kömürün generasiya payı 1,5 faiz bəndi 36,4%-ə düşüb. Bu, 1985-ci ildən bu yana müşahidə olunan ən aşağı göstəricidir.

Bərpa olunan enerjidən istehsal olunmuş elektrik enerjisinin (2805.5 milyard kilovatsaat) 51%-i küləyin, 25,8%-i günəşin, 23,2%-i digər mənbələrin payına düşüb. Küləkdə 12,6%, günəşdə 24,3%, digər mənbələrdə 6,0%, ümumilikdə 13,6% artım əldə edilib. Hidroenerji istehsalı 4222,2 milyard kilovatsaat olub və əvvəlki ilə nisbətən 1,2% artıb. Nüvə enerjisi istehsalı 2796 milyard kilovatsaat olub və əvvəlki ilə nisbətən 3,5% artıb.

Elektrik enerjisində neftin payı 3,0%, təbii qazın payı 23,6%, kömürün payı 36,8%, nüvə enerjisinin payı 10,4%, hidroenerjinin payı 15,8%, bərpa olunan enerji mənbələrinin payı 10,5% olub.

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (İRENA) dərc etdiyi "Future of Wind – Külək enerjisinin gələcəyi" adlı hesabata əsasən, qlobal külək enerjisi gücü 2050-ci ildə elektrik enerjisi tələbatının 35%-ni qarşılaya bilər. Qlobal külək enerjisi gücü 2050-ci ilə qədər 10 dəfə artaraq 6000 QVt-dan çox ola bilər. Bunun 5000 QVt-ı quruda, 1000 QVt-ı isə dənizdə külək enerjisinin payına düşəcək.

Hesabata əsasən, 2050-ci ilədək külək enerjisi qlobal elektrik enerjisi tələbatının üçdə birini təmin edə bilər. 2018-ci ildə 542 QVt olan quruda külək enerjisi gücünün 2030-cu ildə 1787 QVt, 2050-ci ildə isə təxminən doqquz dəfə artaraq 5044 QVt olması, açıq dənizdə isə külək enerjisi gücünün 2030-cu ildə 228 QVt-a, 2050-ci ildə 1000 GVt-a çatdırılması hədəflənir. Bu hədəflərə çatmaq üçün hər il quruda külək enerjisinə qoyulmuş investisiyaların 4 qat, dənizdəki investisiyaların isə 10 qat artması tələb olunur. Quruda investisiyalar illik orta hesabla 67 milyard dollardan 211 milyard dollara, dənizdə isə investisiyalar illik 19 milyard dollardan 100 milyard dollara çatdırılmalıdır. Külək enerjisi hesabına hər il 6,3 qiqaton karbon emissiyalarında qənaət əldə edilə biləcəyi də qeyd edilir.

Hesabata görə, 2050-ci ilə qədər Asiya qlobal quruda külək enerjisi investisiyalarının 50%-nə sahib olacaq. Asiyanı 23%-lə Şimali Amerika, 10%-lə Avropa izləyəcək. Dənizdə külək enerjisi investisiyalarında isə Asiya qlobal investisiyaların 60%-dən çoxuna sahib olacaq. Asiyadan sonra 22%-lə Avropa, 16%-lə Şimali Amerika ən çox investisiya qoyan bölgələr olacaq.

Quruda külək enerjisində səviyyələndirilmiş elektrik enerjisi xərcləri (LCOE) 2018-ci ildə hər kVt.saat üçün 0,06 ABŞ dolları olmuşdusa, 2050-ci ilə qədər 0.02-0.03 ABŞ dollarına qədər azalmağa davam edəcək. Dənizdə külək enerjisində səviyyələndirilmiş elektrik enerjisi xərcləri (LCOE) isə 2018-ci ildə hər kVt.saat üçün 0,13 ABŞ dolları olmuşdusa, 2050-ci ilə qədər 0.03-0,07 ABŞ dollarına qədər azalacaq.

Quruda külək turbinləri gücünün 2025-ci ilədək 4-5 MVt-a qədər, dənizdə külək turbinləri gücünün isə 12 MVt-a qədər artırılması gözlənilir. Hesablamalara görə, qlobal külək enerjisi sənayesi 2030-cu ilə qədər 3,7 milyon insanı, 2050-ci ilə qədər isə 6 milyon insanı işlə təmin edə biləcək bir sektor ola bilər.

 

Azərbaycanının küləkli gücü

 

Aprılan meteroloji tədqiqatlar göstərir ki, Azərbaycan ərazisində əsasən Bakıda, Sumqayıtda, Abşeronda, Binədə, Maştağada külək enerjisindən istifadə etmək məqsədə uyğundur. Azərbaycan ərazisində külək enerjisindən istifadə olunmasının səmərəliliyini müəyyən etmək üçün respublikanın iqlim xüsusiyyətlərini öyrənmək lazımdır. Çünki külək maşınlarının etibarlığı, məhsuldarlığı, iqtisadi səmərəliliyi bilavasitə quraşdırıldığı ərazinin külək rejimindən asılıdır. Azərbaycanın külək rejimi mürəkkəb xarakterə malikdir. Bu da ölkə ərazisinin 60%-nin dağlıq zonalardan ibarət olması ilə əlaqədardır. Dağların Respublikanın iqliminə və külək rejiminə təsiri böyükdür. Məsələn, Böyük Qafqaz dağları sədd rolunu oynayaraq ölkə ərazisinə şimaldan və şimal-şərqdən soyuq hava kütlələrinin daxil olmasına maneə törədir. Soyuq hava kütlələri Böyük Qafqaz dağlarının ətrafından keçərək Abşeron yarımadasından respublika ərazisinə daxil olur. Buna görə də Zaqatalada küləyin orta illik sürəti 1.2 m/san. Abşeronda isə 8.6m/san.-dir. Abşeron yarımadasında küləyin sürəti digər ərazidəkilərlə müqayisədə daha yüksəkdir. Başqa sözlə, A tipli rejim-Abşeronda və Respublikanın şimal sərhədlərində Kür dilinə qədər Xəzərkənarı zonada olan yerlər üçün səciyyəvidir. Bu zonada küləyin orta illik sürəti 4m/san-dən böyük olur. B tipli rejim-Kürkənarı düzənliyində olanyerlər üçün səciyyəvidir. Bu zonada küləyin orta illik sürəti 4m/san-dən 3m/san-dək olur.  V tipli rejim respublikanın dağ rayonları üçün səciyyəvidir. V zonasında küləyin orta illik sürəti 3m/san-dən kiçik olur.

Ona görə də bu zona külək enerjisindən istifadə üçün yararsız hesab edilir. Lakin burada onu da nəzərə almaq lazımdır ki, əsasən V zonasını təşkil edən yüksək dağlıq ərazilərin iqlim xüsusiyyətləri hələ yaxşı öyrənilməmişdir. Işin bu cəhəti nəzərə alınarsa, hətta V zonasında da külək enerjisindən də istifadə tamamilə səmərəli hesab edilə bilər.

 

Azərbaycanda günəş və külək enerjisi üzrə enerji potensialının həcmi  ilə bağlı Energetika Nazirliyində də araşdırmalar aparılıb. 2017-ci ildə hazırlanmış "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib ki, məlumatlara əsasən enerji potensialı günəş enerjisi üzrə 50 Mvt, külək enerjisi üzrə 350 Mvt və biokütlə üzrə 20 Mvt həcmində müəyyən edilib.

 

Energetika Nazirliyinin 15-i Dünya Külək Günü  ilə bağlı yaydığı məlumatda qeyd edilir ki, Azərbaycanda 5 külək elektrik stansiyası fəaliyyət göstərir və onların ümumi gücü 66 MVt təşkil edir. Gücü 50 MVt olan “Yeni Yaşma” KES Qafqazda ən böyük gücə malik külək elektrik stansiyasıdır. 2019-cu ildə külək elektrik stansiyalarında istehsal olunmuş elektrik enerjisinin həcmi 105,4 milyon kVt·st olub. Cari  ilin yanvar-iyun aylarında isə külək elektrik stansiyalarında  54,8 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

 

Onu da xüsusi qeyd etmək lazımdır ki, Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında imzalanmış icra müqaviləsinə əsasən, 240 MVt gücündə yeni külək elektrik stansiyasının tikintisi nəzərdə tutulur. Bu da Azərbaycanın artıq alternativ yollarla qətiyyətlə addımladığını göstərir.

 

Faiq Mahmudov

 

Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Ekologiya və Təbiİ Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə həyata keçirdiyi “Altenrativ mənbələrdən istifadə etməklə təbiəti qoruyaq” layihəsi çərçivəsində hazırlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2805

Oxşar yazılar