7261
17:25
03 Sentyabr 2020

Əhali toy etməyə HAZIR DEYİL - SOSİOLOQ

“Azərbaycan əhalisi pandemiya şəraitində toy etməyə hazır deyil”.

Bunu sosiloq-alim Əhməd Qəşəmoğu Lent.az -a açıqlamasında deyib.

Onun sözlərinə görə, əhaliyə bundan sonra hansı qaydalarla hərəkət edəcəyi təbliğ olunmalıdır: “Yer kürəsində yeni bir dövr, yeni bir nizam başlayır. Azərbaycan da bu yeni nizamdan kənarda qalmayacaq. Kimsə fikirləşir ki, koronavirus bir-iki aya bitəcək, səhv edir. Çünki artıq bu virus olmasa da, başqası gələcək. Yəni Yer üzündəki insanlar elə bir dövrə qədəm qoyub ki, viruslarla bir yerdə yaşamağı öyrənməliyik. Virusla bir yerdə yaşamağın isə öz şərtləri var. Bunun üçün əhali arasında ictimai qınaq güclü olmalıdır. İnsanlar bir-birindən ehtiyatlı olmağı tələb etməlidir. Tutaq ki, bu gün toylara icazə verildi. İndiki vaxtda Azərbaycanda toy etmək istəyən 20-30 adam bir yerə toplaşsa, öpüşüb-qucaqlaşacaq, yallı gedəcəklər. Bir az içkili olduqdan sonra isə heç bir məhdudiyyət veclərinə olmayacaq. Ona görə ilk növbədə əhalini bu yeni vəziyyətə öyrətmək lazımdır. Çünki bu virus heç kimin nə sözünə, nə xətrinə görə geri çəkilmir. Qəddardır və istənilən vaxt təhlükə yaradır.

İndiki davranışımızla bizim pandemiya şəraitində toy etməyimiz mümkün deyil. Bir nömrəli işmiz əhalinin davranış qaydalarını dəyişmək olmalıdır. İnsan başqasının yanında qaydanı pozanda məsuliyyət hiss etməlidir. Artıq Avropa ölkələrində qaydaları pozanlara qarşı ciddi qınaqlar olur. Amma müşahidə edirəm, bizdə qucaqlaşan, öpüşən, maska taxmayanlar hələ çoxdur”.

Sosioloq düşünür ki, Məhərrəm ayından istifadə edib əhali arasında müasir tələblərə uyğun maariflənmə aparılmalıdır: “Yeni elmi metodlarla iş aparılmalıdır. Əhaliyə yeni qaydalar aşılandıqdan sonra hamı biləcək ki, toy vaxtı özünü necə aparmalıdır. Ehtiyatlı davranıb 2-3 saat da toy etmək olar. Amma ehtiyatsız davranılan 10 dəqiqəlik müddət belə böyük təhlükə yarada bilər. Burada əsas məsələ toya ayrılan zaman deyil, əhalinin özünü necə aparmasıdır. Əhalini buna hazırlamamışıq. Bu sahədə iş getməlidir, amma təəssüf ki, getmir”.

Yeni virusun tələbinə uymağa məcbur olduğumuzu deyən alim artıq əvvəlki qaydada toylara çox sayda müğənnilərin dəvət olunmayacağını düşünür: “Ona görə də bir çox müğənni başqa sahədə öz qabiliyyətini sınasın”.

Qeyd edək ki, Türkiyədə koronavirusa yoluxma sayının artması səbəbindən toylarla bağlı bir sıra ciddi qadağalar yenidən tətbiq olunur. Kənd toylarına, sünnət, xına, nişan kimi mərasimlərə icazə verilmir.

Toylar ancaq nikah mərasimi şəklində ən çoxu 1 saat içində tamamlanacaq. Nikah mərasimi formasında edilən toylarda kütləvi yemək də daxil olmaqla heç bir yemək-içmək xidməti olmayacaq.

Bəylə gəlinin yaxın qohumu olmayan 65 yaşdan yuxarı və 15 yaşdan aşağı yaşda olanlar toya buraxılmayacaq. Mərasimə isə ən azı bir nəfər dövlət məmuru nəzarət edəcək.