853
14:23
21 Avqust 2020

Ermənilər XIX əsrin sonlarından terror təşkilatları yaratmağa başlayıblar - DTX

21 avqust - terror qurbanlarının xatirəsinin Beynəlxalq Anım Günüdür.

APA-nın xəbərinə görə, Dövlət Təhlükəsizliyi Xidmətinin Facebook səhifəsində bununla bağlı paylaşım edilib.

Bildirilib ki, “Böyük Ermənistan” ideyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarlarının köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara qarşı dəhşətli terrorlar və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparıblar.

Qeyd olunub ki, Azərbaycan xalqı son 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasətinə məruz qalaraq, öz tarixi torpaqlarından didərgin salınıb, qaçqın və məcburi köçkünə çevrilib.

“Ermənilər XIX əsrin sonlarından etibarən məqsədyönlü surətdə terror təşkilatları yaratmağa və onlardan qonşu xalqlara qarşı istifadə etməyə başlayıblar. 1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları 70-dən çox insanı qətlə yetiriblər. Həmin dövrdə erməni terrorçuları tərəfindən ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törədilib, 24 türk diplomatı öldürülüb.

Terroru dövlət siyasətinə çevirən müasir Ermənistan Respublikası insanlıq əleyhinə ən ağır cinayətlərə imza atıb. Bu ölkənin xüsusi xidmət orqanları Azərbaycanın müxtəlif yerlərində çoxsaylı terror aktları təşkil edib. Avtobuslarda, metroda, qatarlarda törətdikləri terrorlarla yüzlərlə azərbaycanlını qətlə yetiriblər.

Xocalı və Qaradağlı soyqırımları cəmi 28 il əvvəl dünyanın gözü qarşısında baş verən erməni terrorunun ən dəhşətli və qanlı nəticələridir. 2011-ci ildə Ağdamda 9 yaşlı Fariz Bədəlovun, Tovuzda 13 yaşlı Aygün Şahmalıyevanın, 2017-ci ildə Füzulidə 2 yaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Allahverdiyevanın, 2020-ci il iyulunda isə Tovuzun Ağdam kəndinin sakini, 76 yaşlı Əziz Əzizovun qətlə yetirilməsi bir daha göstərir ki, terror, xüsusən mülki insanların, körpələrin və yaşlıların öldürülməsi Ermənistanın dövlət siyasətidir”, - məlumatda qeyd olunub.