Komitə məcburi köçkün ailəsini nəzarətə götürdü
11 avqust 2020 19:41 (UTC +04:00)

Komitə məcburi köçkün ailəsini nəzarətə götürdü

Ağdam rayonundan məcburi köçkün, hazırda Bakı şəhəri, Binəqədi rayonunda məcburi köçkünlər üçün inşa edilmiş “Gənclər şəhərciyi”ndə  üçotaqlı mənzildə məskunlaşmış Rəhman Cəfərovun ailəsində yaranan çətinliklərlə bağlı bəzi kütləvi informasiya vasitələrində və internet resurslarında yayılmış müraciəti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dərhal nəzarətə götürülüb.

Komitədən Lent.az-a verilən məlumata görə, ilk növbədə daha geniş məlumat almaq üçün ailə ilə telefon əlaqəsi saxlanılıb. Bununla yanaşı, ilkin ehtiyacları qarşılamaq üçün karantin rejiminin qaydalarına uyğun olaraq ailəyə baş çəkilib və maddi yardımlar göstərilib.

Ailədəki vəziyyətin daha dərindən qiymətləndirilməsi üçün Dövlət Komitəsinin əməkdaşları avqustun 11-də ikinci dəfə ailə başçısı ilə telefon əlaqəsi yaradıb.

Rəhman Cəfərov sosial şəbəkələrdə geniş yayılmış müraciətində qeyd etdiyi kimi ailəsinin bütünlükə infeksiyaya yoluxduğunu, bir qisminin hazırda müvafiq xəstəxanalarda müalicə olunduğunu, özünün isə karantində olması səbəbindən işləmədiyini və maddi vəziyyətlərinin ağırlaşdığını bildirib.

Məlumat üçün bildiririk ki, hazırda ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq pandemiya dövründə həssas təbəqədən olan ailələrə dəstək məqsədilə həyata keçirilən sosial layihələr ümumilikdə 5 milyon əhalini əhatə etməkdədir.  

Dövlət Komitəsi də öz səlahiyyətləri çərçivəsində, eyni zamanda  qeyri-hökumət təşkilatları, könüllü ailələri bu prosesə cəlb etməklə həssas təbəqdən olan ailələrə dəstək göstərilməsini daim diqqətdə saxlamaqla yanaşı, ehtiyaclarının ödənilməsi üçün müvafiq qurumlara yönləndirilməsi işini davam etdirir.

Bu gün də komitənin nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən ailəyə növbəti yardım göstərilib və bildiririk ki, Dövlət Komitəsi Rəhman Cəfərovun ailəsində vəziyyətin normallaşması üçün aidiyyəti qurumlar tərəfindən tədbirlərin görülməsini nəzarətdə saxlayacaq.

# 3403
avatar

Aygün İbrahimli

Oxşar yazılar