5050
16:13
23 İyun 2020

Səudiyyə Ərəbistanından rəsmi məktub gəldi - HƏCC ZİYARƏTİ...

Səudiyyə Ərəbistanı bu il xaricdən gələn vətəndaşlar üçün Həcc ziyarətini təşkil etməyəcəyi ilə bağlı Azərbaycana rəsmi məktub göndərib.

Bu barədə Lent.az -a Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı Vüsal Cahangiri bildirib: "Səudiyyə Ərəbistanı bu il ölkə xaricindən olan əcnəbilər üçün Həcc ziyarətini təşkil etməyəcəyi ilə bağlı Azərbaycana rəsmi məktub göndərib. Məktub Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyindən gəlib. Məktubda ölkənin Həcc və Ümrə Nazirliyinin bu il Həcc ziyarətinin olmayacağı ilə bağlı bəyanatı əks olunub. Məktubda göstərilib ki, bu il Həcc ziyarəti ancaq ölkə daxilində olanlar üçün baş tutacaq.

Ziyarətə çox məhdud sayda insanlar, eləcə də ölkədə olan əcnəbi vətəndaşlar da qatıla biləcək. Mərasim koronavirus pandemiyası ilə əlaqədar olaraq, müəyyən qaydalara əməl olunmaqla həyata keçiriləcək".

Qeyd edək ki, bu il Azərbaycan üçün 1500 nəfərlik kvota ayrılmışdı. Koronavirus pandemiyası ilə bağlı karantin rejimi tətbiq edilənədək 400-ə yaxın sənəd verən olmuşdu. Bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər 4490 dollar ödəməli idi.

Bu ilin iyul ayının sonuna planlaşdırılan Həcc ziyarəti dünyadakı ən böyük dini mərasimlərdən biridir.

İki milyondan çox hacı İslami ayinləri yerinə yetirmək üçün Krallığa səfər edir. İslamda əhəmiyyəti ilə yanaşı, Həcc ziyarəti Ər-Riyad üçün əsas xarici gəlir mənbəyidir. Rəsmi məlumatlar göstərir ki, Həcc və il boyu baş tutan ümrə ziyarəti il ​​ərzində ölkəyə təqribən 12 milyard dollar pul qazandırır.