16:43
13 İyun 2020

Bu çörəklər 72 saat keyfiyyətini saxlayır: sanki sərt karantin rejiminə hesablanıb - VİDEO

Əvvəlcə xüsusi cihazla bədənin hərarəti ölçülür, sonra içəri daxil olan hər kəs ən son texnologiyalarla istehsal olunan xüsusi dezinfeksiyaedici aparatla mikroblardan təmizlənir. Bütün bunlar №1 Çörək Zavodunda əməkdaşların və əhalinin sağlamlığı üçün görülən tədbirlərdir.

“Pacific Group”un ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Günel Fərəcova deyir ki, №1 Çörək Zavodunun giriş qapısından içəri keçən hər kəs ilk növbədə tibbi maska ilə təchiz olunur. Daha sonra xüsusi dezinfeksiyaedici cihazdan keçərək dezinfeksiya edilir və zavodun ərazisinə buraxılır: “Əməkdaşlarımız səhər işə gələn zaman bu tuneldən keçməklə tərkibində heç bir kimyəvi qatqısı olmayan, insan həyatı üçün ziyansız, mikrob və virusları məhv edən, sertifikatlaşdırılmış mayedən istifadə etməklə dezinfeksiya olunurlar. Bundan əlavə, işçilərin temperaturu ölçülür. Onlar maska, əlcək kimi qoruyucu vasitələrlə mütəmadi təchiz olunurlar”.

Artıq gündəlik həyat tərzinə çevrilən bu prossedurlar zavod əməkdaşlarının sağlamlığının qorunması, koronavirusun yayılmasının qarşısının alınmasına xidmət edir. Axı burada istehsal olunan məhsullar paytaxtda, eləcə də yaxın şəhər və rayonlarda yaşayan əhalinin süfrəsinin olmazsa-olmazına çevrilir.

Qeyd edək ki, son araşdırmalardan sonra mütəxəssislər koronovirus infeksiyasının müxtəlif əşyaların üzərində saatlarla qala bildiyi qənaətinə gəliblər. Belə ki, virus kağız üzərində üç saat, paltar və ağacın üzərində iki gün, şüşənin üzərində dörd, plastikin üzərində isə yeddi gün qalır. Bütün bunlar isə o deməkdir ki, hər gün çörək və un məmulatlarını alarkən daha diqqətli olmaq lazımdır. Bu zaman mütləq xüsusi qablaşdırılmış çörəklərdən istifadə etmək məqsədəuyğundur: “İsti, doğranmamış çörəklər istehsalatdan dərhal sonra birbaşa tam qablaşdırılır və bununla da vətəndaşlarımız gigiyenik əsaslarla qablaşdırılmış çörəkdən ürək rahatlığı ilə istifadə edə bilərlər. Biz sərt karantin rejiminin tətbiq olunduğu günlərdə də məhz №1 Çörək Zavodunun çörəklərindən istifadə olunmasını tövsiyə edirik. Çünki bizim çörəklər 72 saat ərzində öz keyfiyyətini ilk günkü kimi qoruyub saxlayır”.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbulu etdiyi qərara əsasən, 14-15 iyun 2020-ci il tarixlərində paytaxtla yanaşı, Sumqayıt və Xırdalan şəhərlərində, eləcə də Abşeron rayonunda sərt karantin rejiminin tətbiq edilməsi nəzərdə tutulur. Bu tarixlərdə əhalinin hərəkəti tamamilə məhdudlaşdırılacağı üçün insanlar bir gün əvvəldən iki günlük ərzaq tədarüklərini həyata keçirirlər. Bu da xüsusilə çörəyə olan tələbatı artırmış olur. Məsələn, ötən həftə sonu marketlərdə sıxlıq yaranması mağazalarda çörək qıtlığına səbəb olmuşdu. Növbəti karantin günlərində bu kimi halların yaranmaması üçün №1 Çörək Zavodu xüsusi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək: “Bu məqsədlə zavodumuz 3 növbəli, 24 saatlıq gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Biz istehsalın həcmini əvvəlki günlərlə müqayisədə 3 dəfəyədək artırmışıq. Bundan əlavə, adi günlərdə çörəklərin çatdırılması gün ərzində 1 dəfə həyata keçirilirdisə, indi bu proses 3 dəfə həyata keçiriləcək”.


Günel Fərəcova onu da bildirib ki, hazırda zavodda 150 nəfərdən ibarət satış heyəti fəaliyyət göstərir. Bu gün marketlərdən son sifariş gələnə kimi zavodun satış şöbəsi fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi yeni qərara əsasən, çörək zavodlarına iyun ayının 15-də saat 16:00-dan etibarən fəaliyyətlərini davam etdirmək icazəsi verilib. Bu qərar sərt karantin günlərindən sonrakı günlərdə əhalinin çörək təminatının tam şəkildə təmin olunmasına hesablanıb.

Dİgər xəbərlər