61345
11:58
01 İyun 2020

Ştirlisin gəlini, qayadan tullanan “seks-simvol”, tənha şairə... – HƏYAT HEKAYƏTİ

Natalya Varley desəm, bəlkə də oxucuya nə isə demiş olmayacam. Yaxşısı budur, Nina deyim, Şurikin Ninası. “Tələbə, komsomolçu, idmançı və nəhayət, sadəcə, gözəl qız!”.

Natalya Vladimirovna Varley Rumıniyada anadan olub. Atası Vladimir uzaq səfərlər gəmisinin kapitanı idi. Anası Ariadna Sergeyevna isə dağ mühəndisi.

Natalyanın dədə-babası Rusiyaya Uelsdən gəlmədilər.

Natalyanın uşaqlığı Murmanskda keçib. Natalya Varleyinki həyatda həmişə gətirib, orta məktəbdə də, musiqi məktəbində də əlaçı olub. Üç qırmızı diplomu var. Uğurla sirk məktəbini, teatr və kino institutlarını bitirib.

50-ci illərin sonunda Moskvaya köçüblər. Bir dəfə anası onu sirkə aparıb. Qızın diqqətini sirkdəki elan çəkib. Sirk studiyasına uşaqlar dəvət olunur. Səhəri gün gizlicə həmin ünvana gəlir. Müsabiqədən keçir. Onu Sirk İncəsənəti məktəbinin akrobatika studiyasına qəbul edirlər.

Sən demə, Natalya Varley uşaqlıqda balerina olmaq istəyirmiş. Kök olduğundan qəbul etmirlər. Sirkə meyl yarananda isə çoxlu idman etməklə, əziyyətə qatlaşmaqla arzusuna çata bilir.

Əvvəlcə Odessa sirkində işləyir. Elə orda da kinorejissor Qeorgi Xilkeviç onu görüb, kinoya dəvət edir.

Rejissor deyir ki, mənim qəhrəmanım gənc yaşlarında elmi işçi olan qadın idi. Natalyanın isə 17 yaşı vardı, ancaq 14 yaşında görünürdü.

Nə qədər qrim ediblərsə, onda elmi işçi simasını ala bilməyiblər, çünki çox uşaq görünüb. Rejissor sirkdə görüb çox bəyəndiyi belə bir gözəlliyi filmində görməyi çox istədiyindən “Göyqurşağı formulası” filminin ssenarisinə tibb bacısı surəti əlavə edib.

Təsadüfi heç nə yoxdur. Leonid Qaydayın filmin çəkilişlərinə gələn assistentinin diqqəti Natalyanın üstündə cəmləşir. Qeorgi Xilkeviç deyir ki, o qız tapıntıdır, bütün tryukların da öhdəsindən gələcək, amma Qayday mənə hədiyyə verməlidir bu tapıntıya görə. İllər sonra Qayday o vaxt heç tanımadığı gənc rejissora bahalı konyak hədiyyə edib.

Leonid Qayday Natalya Varleyi aralarında ulduzların da olduğu beş yüz namizədin içindən seçib. “Qafqaz əsiri” filminə heç kimin tanımadığı sirk artistini çəkir.

Natalya bu film üçün Qaydayın arzuladığı aktrisa idi. Bütün tryukların öhdəsindən özü gələn idmançı aktrisa. Saaxovun bağının pəncərəsindən də özü tullanır, əlindəki kəndir yeganə sığortası olsa belə. Qayadan da özü kəndirlə düşür.

Qayalıqdan çaya tullanmaq səhnəsində Qayday Natalyaya icazə vermir. Kaskadyor dəvət edirlər, çəkiliş vaxtı məlum olur ki, kaskadyor qız üzə bilmir. Başqa yol yox idi, Natalya qayadan çaya da özü tullanır.

Elə səhnələr vardı ki, orda aktrisanın hazırlığı tələb olunurdu. Məsələn, uzunqulağın yanından keçəndə onu arxasınca apara bilmək kimi. Ninanın sirkdə işləməyi köməyinə çatır. Görünməz iplə qız uzunqulağı arxasınca çəkir, amma çəkib aparması zərrə qədər hiss olunmur.

Ninanın qayanın üstündə Şurik üçün rəqsi isə Şurikdən başqa bütün sovet kişilərində ona qarşı həvəs yaratmışdı. Onu sovet kinosunun seks simvolu adlandırmışdılar. Nina sovet kişisinin arzusuna çevrilmişdi. Hədsiz pərəstişkarları vardı.

Aktrisa olmaq fikri yox idi, sirkə daha çox bağlı idi. Ancaq “Qafqaz əsiri” filminin populyarlığından sonra dərhal çəkildiyi “Əcinnə” filminin də eyni dərəcədə şöhrət qazanması onun fikrini əsaslı dəyişdi. Amma o ilk uğurlardan bir daha olmadı. Natalya Varley 60-dan çox filmə çəkildi, 2 mindən artıq obraz dublyaj edib səsləndirib. Heç biri onun 1967-ci ildə qazandığı şöhrəti qaytara bilmədi.

“Qafqaz əsiri”nin premyerası 1967-ci ilin aprelində olur. Film aktrisaya dünya şöhrəti gətirir. Filmə görə cəmi 200 rubl qonorar almışdı. 100 rubl da filmin şöhrətindən sonra aldı.

Bu filmdən sonra Natalya Şukşin adına Teatr İnstitutuna qəbul olunur. Yəni aktrisa olmağa qərar verir. Yuxarıda dediyim kimi, peşəkar fəaliyyəti ona həvəskarlıqda qazandığı uğuru gətirmir.

Adətən şöhrət qazananlar şəxsi həyatda itirir. Birinci əri tanınmış rejissor və aktyor Nikolay Burlyayev olur. Natalyanın dostları aktyor Leonid Filatov, yazıçı Mixail Zadornov bu nikahın əleyhinə idilər. Natalya onları eşitmir.

Bir neçə ildən sonra ayrılırlar. İkinci nikahı aktyor Vyaçeslav Tixonovla Nonna Mordyukovanın oğlu Vladimirlə olur. Onunla da yola getmirlər.

Vladimir hədsiz içirdi, ailədə söz-söhbət səngimirdi. 1971-ci ilin sonlarında ondan da ayrılır.

Ayrılandan sonra, 1972-ci ildə oğlu Vasili dünyaya gəlir.

1985-ci ildə isə ikinci oğlu Aleksandr olur. Atası isə hələ də məlum deyil.

Kinoda mükafatları çoxdur. Nina obrazından qazandığı şöhrətlə baş-başadır.

İndi şeirlər yazmaqla da tanınır. Həm də həvəskar deyil, peşəkar şeirlər yazır.

Xoşbəxt deyil, amma xoşbəxt olmağı bacaran qadındır – dostu, rejissor Qeorgi Xilkeviç onu belə xarakterizə edir.

Tənha yaşayır, pişik, it, xoruz, hətta tısbağa saxlayır.