Karantində ən çox nələr sifariş olundu? - Direktor AÇIQLADI
19 may 2020 18:17 (UTC +04:00)

Karantində ən çox nələr sifariş olundu? - Direktor AÇIQLADI

Karantin dövründə insanların evdən çölə çıxmaması, həmçinin əksər xidmət və iaşə obyektlərinin bağlanması sifarişlərin çoxalmasına səbəb oldu. Buna görə müxtəlif geyim və aksessuar almaq istəyənlər bunları elektron qaydada əldə etməyə məcbur qaldılar.

Bununla əlaqədar, insanların ən çox hansı geyim əşyalarını və hansı ölkədən sifariş etdiyini öyrənmək üçün “Limak VM” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Kamil Abışovla əlaqə saxladıq. Şirkət direktoru Lent.az-a açıqlamasında, mövsümi geyimlərə daha çox tələb olduğunu söyləyib:

“Pandemiya dövründə tələbat birə beş artdı. Karantin dövründə insanlar ən çox geyim məhsulları sifariş ediblər. Çantalar, ayaqqabılar, xüsusən, yaz və yay mövsümü paltarlarına tələb çox olub. Ümumi götürsək, sifariş olunan ölkələr arasında liderlik Türkiyəyə məxsusdur. Azərbaycandan sifarişlərə gəlincə, əsasən, Bakı əhalisi üstünlük təşkil edib. Digər bölgələrdə də xarici ölkələrdən malların gətirilməsinə tələbat artıb.

İri ticarət mərkəzlərinin və “mall”arın bağlanması bu işə daha çox təkan verdi. Bundan əlavə, xarici valyutanın da məzənnə dəyişikliyi, xüsusən də lirənin dəyərdən düşməsi və dolların bahalaşması öz təsirini göstərdi. Əslində həm də yaxşı oldu ki, insanlar elektron ticarət barədə məlumatlı oldular. Sərhədlərin bağlı olmasına rəğmən, yükdaşımalar davam edirdi. Daşınmalarda az da olsa gecikmələr olurdu. Bir müddət sifarişlər kuriyerlər vasitəsilə vətəndaşların özlərinə çatdırılırdı”.

Həmsöhbətimiz bundan əlavə, gətirilən mallarda problem yaranacağı təqdirdə satıcı mağaza tərəfindən müştərilərə kompensasiya ödəniləcəyini də deyib:

“Azərbaycanda elektron ticarətin inkişaf etməməsi texniki imkanlarla əlaqədardır. Məsələn, Türkiyədə, ABŞ-da hər bir mağazanın onlayn məkanı var, onlarla müqavilə bağlayıb malları gətirmək olur. Ancaq ölkəmizdə belə imkanlar yoxdur. Azərbaycanda da bu şəraitin yaradılması insanların alış-veriş üçün vaxt itirməsinə imkan verməyəcək. Şirkətin qazancı da mağazaların alverinin artımasından asılı olaraq, artacaq.

Şirkətimiz “İçərişəhər” metrostansiyası yaxınlığında yerləşir. Hər bir müştəriyə kassada və digər malın təhvil verilməsi üçün maksimum 2-3 dəqiqə vaxt ayrılmalıdır. Hələ yadıma düşmür ki, nə vaxtsa şirkətimizin qarşısında hansısa vətəndaş 2 saata yaxın gözləsin. Gətirilən malda hansısa problem olarsa, satıcı mağaza 90 faiz kompensasiya ödəyir. Şirkət tərəfindən yaranan problem isə yerindəcə həll olunur”.

Kamil Abışov əlavə dəyər vergisinin (ƏDV) ləğv edilməsinin şirkətlərə böyük dəstək olacağını da qeyd edib:

“Gecikmələr satıcı mağazaların fəaliyyəti ilə bağlı yaranır. Ən çox belə hal Türkiyə mağazalarında olur. Onlar stoklarında olmayan mala görə insanlardan ödəniş alır və buna görə də həmin malların kargo şirkətlərə təhvili gecikir. Mağazaların şirkətə mal təhvil etmə müddəti 1 gün ilə 10 gün arasında dəyişir. Bunun səbəbini də vətəndaşlar bizdən soruşur. “Limak VM” MMC olaraq, sifarişləri həftədə iki dəfə gətirir. ƏDV-nin ləğv olunması daşıyıcı şirkətlərə böyük dəstək olardı. Yol xərclərini və digər vergiləri çıxsaq, doğrudan çox aşağı məbləğə çatdırılmanı təmin edirik. Bu yaxınlarda şirkətimiz təhlükəli maddələrin daşınması üzrə sertifikat alıb. Dünya üzrə böyük qurum olan “IATA”dan lisenziya aldıq, dəniz gəmiçiliyini də həyata keçiririk. Azərbaycandan da xaricə daşınmalarla xidmət göstəririk”.

# 8017
avatar

Mehman Nəbiyev

Oxşar yazılar