Koronavirus panikasından qaçmasanız, sizi bunlar gözləyir - Psixoloq çıxış yollarını göstərdi
10 aprel 2020 17:10 (UTC +04:00)

Koronavirus panikasından qaçmasanız, sizi bunlar gözləyir - Psixoloq çıxış yollarını göstərdi

Koronavirusla bağlı xəbərləri çox oxumaq, sosial şəbəkələrdə neqativ yönümlü xəbərlərə yüklənmək psixologiyamıza necə təsir edir? Pandemiya panikasının əsəbləri tarıma çəkdiyi bu günlərdə nə etməli, psixoloji sağlamlığımızı necə qorumalıyıq?

Lent.az mövzu ilə bağlı HUMEL Psixologiya Mərkəzinin direktoru, psixoloq Taryel Faziloğlu ilə söhbət edib.

Həmsöhbətimiz bildirib ki, sosial şəbəkələrdə koronavirusla bağlı mənfi xəbərləri oxumaq, xəstəliyin dəhşətini əks etdirən  xəzərlərləri izləmək insanların psixologiyasına çox ciddi təsir göstərir:

"Bu cür xəbərlər insanların psixikasını zədələyir. Pandemiya və ardınca ölüm xəbərlərinin yayılması insanlarda ölüm qorxusunu ciddi şəkildə artırır. Ölüm qorxusu elə bir dəhşətli psixoloji haldır ki, bütün xəstəliklərin əsas başlama səbəbidir. Stres, panik atak, təşviş, obsesiv kompülsiv pozuntular, qida pozuntuları ölüm qorxusunun əsas əlamətlərindəndir. Bütün bu pozuntular isə artıq əhalidə görünür".

Psixoloq bildirib ki, sosial şəbəkədə, adi ünsiyyətdə insanların paylaşımlarına, danışıq tərzlərinə, reaksiyalarına diqqət etməklə artıq onların çox aqressiv, gərgin olduğunu görmək olar:

"İnsanlar artıq psixoloji immunitetlərini itirmək üzrədirlər. Bu vəziyyətdə düzgün və ciddi maarifləndirmə işi aparılmalıdır. Çünki insanlar bu saydığım problemlərlə qarşı-qarşıyadır. Psixoloji pozuntular insanların immunitetini ciddi şəkildə zədələyir və zəiflədir. Bu o deməkdir ki, insanlar pandemiyadan qorunmaq üçün evlərində qala bilərlər, amma yaşadıqları stress səbəbiylə  immunitetlərini zəiflətməklə bir çox xəstəliklərə qarşı müdafiəsiz qalırlar".

Ev şəraitində psixoloji sağlamlığımızı necə qorumağa gəlincə isə psixoloq bildirib ki, gündəlik proqram hazırlanmalıdır:

"İnsan sanki işə gedirmiş kimi eyni vaxtda durmalı və yeməyini yeməlidir. Günlərini nə iləsə doldurmalıdır. Gündəlik, həftəlik hədəfləri olmalıdır və onun üçün çalışmalıdırlar. Çalışmalıdırlar ki, boş zamanları olmasın. Günün sonunda özləri üçün bir hesabat versinlər. Bundan başqa sosial şəbəkələrdən istifadəni minimuma endirmək lazımdır. Neqativ xəbərlərə çox yönəlməsinlər. Karantin dövründə insanlar yeni bir məşğuliyyət formalaşdırsalar yaxşı olar. Dil öyrənmək, kitab oxumaq, maraq yaradan hobbi müəyyən edib onunla məşğul olmaq olar".

# 2547
avatar

Aygün İbrahimli

Oxşar yazılar