Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini TƏSDİQLƏDİ - YENİLƏNİB
05 mart 2020 12:16 (UTC +04:00)

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini TƏSDİQLƏDİ - YENİLƏNİB

Konstitusiya Məhkəməsi 9 fevral tarixində Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticəsini təsdiqləyib.

APA-nın məlumatına görə, müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun qərarını elan edib.

Qərara əsasən, Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiq edib.

***

11:06

İclasda ekspert qismində Bakı Dövlət Universitetinin hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının baş müəllimi Nəsib Şükürov və həmin kafedranın müəllimi, hüquq elmləri üzrə fəlsəfə doktoru Gülşən Cəbi çıxış ediblər. N. Şükürov bildirib ki, 9 fevral seçkilərinin Konstitusiyaya uyğun olaraq azad, ədalətli, demokratik keçirildiyini deyib, seçki prosesinə müsbət rəy verib.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşlarından ibarət mütəxəssislər qrupunun tərtib etdiyi arayışla isə Ulduzə Həmidova və Gülnar Əhmədova çıxış ediblər. Onlar hakimlərin suallarını da cavablandırıblar.

Daha sonra hakimlər müşavirəyə gedib.

Müşavirədən sonra Konstitusiya Məhkəməsinin parlament seçkilərinin nəticələrinə dair qərarı elan olunacaq.

***

10.26

 

Məruzəçi hakim Rövşən İsmayılov qeyd edib ki, Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 25-də Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib və təqdim edilən sənədlər Konstitusiya Məhkəməsində yoxlanıb.

Məruzəçi hakim Rəfael Qvaladze seçkilərlə bağlı məhkəmələrə daxil olan şikayətlər barədə məlumat verib. Onun sözlərinə görə, Respublika Prokurorluğu bildirib ki, prokurorluq orqanlarına seçki hüquqlarının pozulması ilə  67 şikayət təqdim edilib, həmin  şikayətlər aidiyyəti üzrə göndərilib. Şikayətlər seçkinin nəticələrinə təsir göstərməyib.

İclasda çıxış edən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, Milli Məclisə seçkilərlə əlaqədar 2431 nəfərin deputatlığa namizədliyi irəli sürülüb, 2247 nəfərə imza vərəqi verilib, 1774 nəfər imza vərəqini qaytarıb, 1637  nəfərin deputatlığa namizədliyi qeydə alınıb, onlardan 323 nəfəri qeydə alındıqdan sonra mübarizəni dayandırmaq qərarına gəlib və yekunda 1314 namizədin adı seçki bülletenlərinə daxil edilib. Seçkiləri 59 beynəlxalq təşkilatdan 58 ölkəni təmsil edən 883 beynəlxalq müşahidəçi, 132 beynəlxalq KİV-dən olan 199 beynəlxalq KİV təmsilçisi, 77790 yerli müşahidəçi izləyib.

Bütün bunlarla yanaşı, 4 təşkilat tərəfindən seçkilərdə “exit-poll” keçirilib ki, onlardan da 2-si öz fəaliyyətlərini xarici partnyorları ilə birgə təşkil ediblər. Eyni zamanda 1000 məntəqədə veb-kamera quraşdırılıb. İnternet istifadəçiləri istər ölkə daxilindən, istərsə də ölkə xaricindən MSK-nın internet səhifəsinə daxil olaraq, hər kəs üçün açıq platformada və heç bir qeydiyyat tələb olunmadan, real zaman rejimində seçki məntəqələrində səsvermə günü baş verən bütün prosesləri əvvəldən axıradək izləmək imkanına malik olublar. Seçki günü dünyanın müxtəlif ölkələrindən və yerlərindən veb-kameralara 230000-ə yaxın baxış olub və veb-kameralar vasitəsilə müşahidələrin təqribən 80 faizi ölkə daxilindən, 20 faizi isə ölkə xaricindən həyata keçirilib.

Seçkidə 19 siyasi partiyanın namizədləri iştirak edib. Namizədlər seçicilərlə görüşlərin keçirilməsində heç bir məhdudiyyətlə üzləşməyiblər, təşviqat prosesi geniş miqyasda həyata keçirilib. Seçicilərin fəallığı 46,84 faiz olub. Başqa sözlə, seçici siyahılarına daxil edilmiş 5 359 015 (beş milyon üç yüz əlli doqquz min on beş) seçicidən 2 510 135 (iki milyon beş yüz on min yüz otuz beş) nəfəri seçkidə iştirak edib.

MSK sədri  deyib ki, daxil olan müraciətlərin tam, şəffaf və hərtərəfli araşdırılması nəticəsində Komissiyanın qərarı ilə 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli–Beyləqan seçki dairələri üzrə Milli Məclisə seçkilər etibarsız sayılıb. Müxtəlif mənbələrdən – sosial şəbəkələr, seçicilər tərəfindən ünvanlanan müraciətlər və qaynar xəttə daxil olan məlumatların araşdırılmasının nəticəsi olaraq, ümumilikdə, 328 seçki məntəqəsi üzrə səsvermənin nəticələri ləğv olunub. Komissiya, həmçinin seçkilərin hazırlanması, keçirilməsi və nəticələrin müəyyən olunması zamanı fəaliyyətlərində yol verdikləri nöqsanlara görə 87 seçki məntəqəsi üzrə məntəqə seçki komissiyalarının buraxılmasına qərar verib: “Hesab edirəm ki, Konstitusiya Məhkəməsi MSK-nın seçkilərin nəticələri ilə bağlı təqdim etdiyi sənədi təsdiq edə bilər”.

Daha sonra Konstitusiya Məhkəməsinin hakimləri M. Pənahova bir neçə sual ünvanlayıb, M. Pənahov həmin sualları cavablandırıb.

***

10:16

Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası başlayıb.

APA-nın məlumatına görə, iclasda Konstitusiyasının 86-cı maddəsinə uyğun olaraq, 2020-ci il fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxılır.

Plenumun iclasını açıq elan edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmə heyəti və katibini təqdim edib. İclasda məruzəçi hakim Milli Məclisə seçkilərin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verməyə başlayıb.

***

08:14


Bu gün Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası keçiriləcək.

APA-nın məlumatına görə, iclasda Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə baxılacaq.

Azərbaycanda parlament seçkiləri fevralın 9-da keçirilib.

# 2082
avatar

Oxşar yazılar