4895
20:15
03 Mart 2020

İlanlar adası, dünyanın ən xoşbəxtləri, qırmızı işıqda keçmək olar... - TAMAŞA DÜNYA

Lent.az dünyanın müxtəlif yerləri haqda maraqlı faktları və fotoları özündə birləşdirən “Tamaşa Dünya” rubrikasını davam etdirir. Budəfəki yazımız Cənubi Amerikanın ən böyük ölkəsi, dünyada isə sahəsinə görə 5-ci olan Braziliyaya aiddir.

1. Braziliyanın adı Portuqaliyanın buradan müxtəlif növlü, Pau Brasil adlanan qırmızı ağac idxal etməsi ilə bağlıdır.

2. Cənubi Amerika ərazisinin 47,3 faizini Braziliya tutur. Ölkənin ən böyük şəhərləri sırasında San-Paulo birinci, Rio-de-Janeyro isə ikincidir.

3. Əhalisinin 74 faizi katolik olan Braziliyanın rəsmi dili portuqal dilidir. Ancaq bu, Portuqaliyada danışılan dildən fərqlənir. Yerli əhali danışdıqları dili Braziliya portuqalcası adlandırır.

4. Braziliyanın dövlət himnininin sözlərini yerli əhali, demək olar ki, başa düşmür. Çünki himn gündəlik həyatda nadir hallarda istifadə olunan sözlərdən ibarətdir.

5. Paytaxtı Brazilia şəhəri 3 il 5 ay ərzində (1956-1960) tikilib, layihəsini dünyanın ən məşhur arxitektorlarından sayılan Oskar Nimeyer hazırlayıb. Buna qədər 197 il ölkənin paytaxtı Rio-de-Janeyro olub. Rio-de-Janeyro “Yanvar çayı” mənasını verir.

6. Braziliyanın simvolu olan “Xilaskarın heykəli” Rio-de-Janeyronun ən hündür nöqtəsində yerləşir və dünyanın yeni yeddi möcüzəsindən sayılır. O, 9 ilə (1922-1931) ərsəyə gətirilib. Hər il heykəli 1,8 milyon turist ziyarət edir.

7. Yetkin əhalinin cəmi 43 %-nin orta təhsili var. Müqayisə üçün qeyd edək ki, İsveçdə bu göstərici 87 %-ə bərabərdir.

8. 4 min hava limanı olan Braziliya aeroport sayına görə dünyada ABŞ-dan sonra ikincidir.

9. Bir braziliyalının bütöv adı 3 hissədən ibarətdir: şəxsi adı, anasının soyadı və atasının soyadı.

10. Müstəmləkə dövründə Afrikadan gətirilən qullara Silva adı verilirdi. Hazırda Braziliyada ən çox yayılmış soyad məhz Silvadır.

11. Braziliyalılar erkən nikaha meylli deyillər. Qızlar adətən 25 yaşdan tez ərə getmirlər. Braziliya ailələrində ən azı 3 uşaq olur.

12. Maddi və digər problemlərə rəğmən, braziliyalılar planetin ən xoşbəxt milləti hesab olunur.

13. Son 150 ildə Braziliya qəhvə istehsalında liderdir. Əbəs yerə demirlər ki, dünyada ən yaxşı qəhvə Braziliyada istehsal olunur. Halbuki XVIII əsrə qədər bu ölkə qəhvənin nə olduğunu bilməyib. Qəhvə Braziliyaya ilk dəfə 1727-ci ildə Fransa Qvineyasından gətirilib.

14. Dünyanın ən böyük alma istehsalçısı olan Braziliyada ən məşhur alkoqolsuz içkilər quarana və koka-koladır.

15. Braziliya dünyanın ən böyük kokain bazarıdır.

16. “TripAdvisor”un versiyasına əsasən, dünyanın ən gözəl çimərliyi Braziliyada yerləşir, adı da Baya-do-Sançodur.

17. Yaponiyadan sonra ən çox (1,4 milyon) yapon məhz Braziliyada yaşayır. Yaponların bu ölkəyə mühacirəti XX əsrin əvvəllərində başlayıb.

18. Ölkə əhalisinin 74,5 faizi futbolla maraqlanır. Braziliyanın hər şəhərində azı 1 stadion var. Odur ki, stadion sayına görə Braziliya dünyada rekordçudur.

19. Braziliya əhalisi həm də serial həvəskarıdır. Buna görə də telekanallarda serial və futbol eyni vaxtda verilmir.

20. Futbol üzrə Braziliya yığması rekord sayda - 5 dəfə dünya çempionu olub və bu vaxtadək bütün mundiallarda iştirak etmiş yeganə milli komandadır.

21. Braziliya meşələrində rekord sayda - 77 meymun növü yaşayır.

22. Latın Amerikasının digər ölkələri kimi, Braziliyada da “Ok” jesti yaxşı qəbul olunmur, təhqir (“heç nə”, “sıfır” mənasında) sayılır.

23. 1980-ci illərdə qadınları hərbiyə qəbul etməyə başlayan ilk Cənubi Amerika ölkəsi məhz Braziliya olub.

24. Braziliya əhalisinə San-Paulo sahillərindən 35 km məsafədə yerləşən Keymada-Qrandi adasına getmək qadağa qoyulub. Buna səbəb adanın ilanlarla dolu olmasıdır. Təsəvvür edin ki, cəmi 430 kv.m sahəsi olan adanın hər kvadrat metrinə 5-6 ilan düşür.

25. Gecə saatlarında Braziliya küçələrində gəzmək, hətta maşın sürmək çox təhlükəlidir. Təsadüfi deyil ki, Rio-de-Janeyroda sürücülərə saat 22:00-dan 05:00-dək işıqforun qırmızı işığından keçməyə icazə verilir. Bu, gecələr soyğunçuluq və avtomobil oğurluğu təhlükəsini azaltmaq üçün atılmış addımdır.

26. Braziliyalılar Argentina və argentinalıları sevmirlər. Bu, hər hansı ciddi ixtilafla bağlı deyil, adi qonşu antipatiyasıdır.

27. Hər ilin fevral ayında Braziliyada karnaval keçirilir. Bütün dünyanın böyük maraq göstərdiyi festival zamanı ölkəni, əsasən da Rio-de-Janeyronu samba səsi bürüyür. Rəqs etməyi çox sevən braziliyalılar rəngli geyimlərdə 5 gün əylənirlər. 1723-cü ildən keçirilən karnavala yüz minlərlə turist gəlir.

28. Bu ölkədə ən populyar hədiyyə gül sayılır.

29. Braziliyaya yolunuz düşsə, heç bir evdə divar kağızı və xalça görə bilməzsiniz.

30. Şirniyyatı çox sevirlər.

31. Donuz ətini xoşlamırlar.

32. Çox ünsiyyətcil və zarafatcıldırlar. Tanımadıqları insanlarla da qısa zamanda ünsiyyət qura bilirlər.

33. Braziliyalılar təmizkardırlar. Bu səbəbdən əksər evlərdə 3 vanna otağı olur. Gün ərzində bir neçə dəfə duş qəbul etməyi, iş yerində belə, nahar etdikdən sonra dişlərini fırçalamağı xoşlayırlar.

34. Hətta kasıbların evində də qulluqçu olur. Məhz o, mənzili təmizləmək, yemək hazırlamaq işinə baxır.

35. Braziliyalılar rezin çəkələklərdə gəzməyi xoşlayırlar. Hətta ictimai yerlərdə, restoran və gecə klublarında da çəkələkli insanlara rast gəlmək mümkündür.