1438
19:14
21 Fevral 2020

Yerə yaxınlaşan asteroidləri kənarlaşdırmaq üçün yeni sistem hazırlandı

2029-cu ildə Yer kürəsinə asteroidin yaxınlaşması ehtimal olunur. Bu məqsədlə ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları asteroidlə mümkün toqquşmanın qarşısını almağın ən yaxşı üsulunu müəyyənləşdirməyə kömək edəcək yeni sistem hazırlayıblar.

Azərbaycan Milli Elmlər Akademiyasından Lent.az -a verilən məlumata görə, Sunq Vuk Pekin rəhbərlik etdiyi alimlər komandası yaxın vaxtlarda dərc etdirdikləri tədqiqat işində yaxınlaşan asteroidin sürətini və kütləsini nəzərə alan, həmçinin obyektin Yer kürəsinin qravitasiya sahəsinə daxil olmasına nə qədər vaxt qaldığını hesablayan “qərarlar xəritəsini” təsvir ediblər.

Bu sistem hadisələrin inkişafının 3 müxtəlif variantını və yaxınlaşan asteroidin uçuş trayektoriyasının dəyişdirilməsi üçün 3 həll yolunu təsvir edir. Bu, mərminin işə salınması, mərminin lazımi xarakteristikalarını hesablamağa imkan verəcək məlumatların əldə olunması üçün asteroidə kəşfiyyatçı qurğunun göndərilməsi və mühərriklərdən istifadə edərək asteroidin uçuş trayektoriyasını müəyyən qədər dəyişdirə biləcək iki kəşfiyyatçı qurğunun göndərilməsidir. Kəşfiyyatçı qurğulardan əldə olunan məlumatların köməyilə asteroidin mərmi ilə dağıdılması planlaşdırılır.

Qeyd edək ki, hazırda kosmik obyektlərlə toqquşmanın qarşısının alınması üzrə rəsmi plan nüvə silahından istifadəni nəzərdə tutur. Lakin bu plan tənqidlərə məruz qalıb və effektsiz hesab edilib.