Azərbaycan və Rusiya muzeyləri əməkdaşlıq edəcək
14 fevral 2020 17:21 (UTC +04:00)

Azərbaycan və Rusiya muzeyləri əməkdaşlıq edəcək

Azərbaycan Milli Xalça Muzeyi və Rusiyanın Dövlət Ermitaj Muzeyi arasında anlaşma və əməkdaşlıq haqqında Memorandumun imzalanması mərasimi keçirilib.

Muzeydən Lent.az-a verilən məlumata görə, mərasimdə hər iki muzeyin rəhbəri – Mixail Piotrovski və Şirin Məlikova iştirak etdilər.

Sənəddə tərəflərin Rusiya və Azərbaycan xalqlarının tarixi, mədəniyyəti, adət-ənənələri haqqında biliklərin yayılması sahəsində ikitərəfli münasibətlərin və mədəni əməkdaşlığın inkişafı və genişləndirilməsi niyyətləri öz əksini tapıb. Tərəflər birgə elmi-tədqiqat işini, informasiya və muzey işi sahəsində təcrübə mübadiləsini; birgə sərgi layihələrini, muzey əşyalarının qorunması və bərpası sahəsində bilik mübadiləsinin keçirilməsini planlaşdırır.

Memorandumda bununla yanaşı, Ermitajda saxlanılan Azərbaycan xalçalarının kataloqlaşdırması, etiketaj və annotasiyaların Azərbaycanın istehsal yeri kimi göstərilməsi baxımından dəqiqləşdirilməsi, habelə 2020-ci ilin noyabr ayında IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu çərçivəsində iki muzeyin birgə sərgisinin təşkili nəzərdə tutulub.

Əməkdaşlığın istiqamətləri arasında xüsusi qaygıya ehtiyacı olan insanlar üçün mədəni sərvətlərin əlçatan olması işinin yaxşılaşdırılması şərtləri önəmli yer tutacaq. Həmin proqramlardan biri mərasimdə təqdim olunan iki muzeyin bu sahədəki təcrübəsini birləşdirən “Pazırık xalçası” inklüziv layihəsidir. Görmə qabiliyyəti məhdud olan insanların qədim sənətkarların texnika müxtəlifliyini hiss edəcəyi, ornamenti duya biləcəkləri Ermitaj kolleksiyasından Pazırık xalçalarının fraqmentlərinin replikalarının yaradılması nəzərdə tutulur.

Layihənin həm Ermitajda, həm də Azərbaycan Milli Xalça Muzeyində həyata keçirilməsi planlaşdırılıb.

Qeyd edək ki, Azərbaycan Milli Xalça Muzeyi ölkədə Ermitaj ilə əməkdaşlıq memorandumu imzalayan ilk muzey olub.

 

# 2886
avatar

Aygün İbrahimli

Oxşar yazılar