427
11:12
06 Fevral 2020

Paytaxt məktəbliləri arasında “Avropa Pul Viktorinası” keçiriləcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Avropa Pul Viktorinası” keçiriləcək.

İdarədən Lent.az -a verilən məlumata görə, “Avropa Pul Viktorinası” məktəblilərin maliyyə savadlılığının artırılması və onların müvafiq istiqamət üzrə maarifləndirilməsi məqsədilə keçirilir.

Viktorinada iştirak edəcək 13-15 yaşlı məktəblilərə bank-maliyyə xidmətləri, pul nişanlarının emissiyası və tədavülü, rəqəmsal ödənişlər və vergilər kimi iqtisadi mövzular üzrə suallar veriləcək.

İki mərhələdən ibarət “Avropa Pul Viktorinası”nın mart ayında keçiriləcək yerli mərhələsində şagirdlər həm fərdi qaydada, həm də iki nəfərlik komanda kimi güclərini sınayacaqlar. I mərhələdə qalib gəlmiş 2 şagird may ayında Brüsseldə keçiriləcək beynəlxalq mərhələdə iştirak etmək hüququ qazanacaq.

Şagirdlər yarışın formatına uyğun olaraq, II mərhələdə iqtisadi mövzuları əhatə edən sualları cavablandıracaqlar.

Onu da qeyd edək ki, “Avropa Pul Viktorinası”nın yerli mərhələsi Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçiriləcək.