05:34
23 Yanvar 2020

Beyrutda polislə toqquşmalarda 50-dən çox etirazçı yaralanıb

Livanın paytaxtı Beyrut şəhərinin mərkəzində polis qüvvələri ilə etirazçılar arasında baş verən qarşıdurmada ən az 52 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə çərşənbə günü Livan Qızıl Xaç Cəmiyyətinin nümayəndəsi açıqlama verib.

Bildirilib ki, 7 nümayişçi xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerində tibbi yardım göstərilib.

Bundan əvvəl, çevik polis qüvvələri Parlament binasının yerləşdiyi Palas Etual bölgəsində radikal düşüncəli gənclərin bir dəstəsinə qarşı su şırnağından və gözyaşardıcı qazdan istifadə edib. Nümayişçilər asayiş keşikçilərinə daş, molotov kokteyli atıblar. Müvafiq tədbirlər nəticəsində polis nümayişçiləri şəhərin mərkəzi küçələrindən sahil magistralına sıxışdırmağa müvəffəq olub.

“Al Jadeed” telekanalının verdiyi məlumata görə, Beyrutun ticarət mərkəzlərinin yerləşdiyi ərazidə dükanların şüşələri qırılıb, bankların və ticarət obyektlərinin ofisləri dağıdılıb, bankomatlar qırılıb. Kanalın məlumatına görə, iğtişaşlarda iştirak edən radikal qruplar Livanın şimalından avtobuslarla paytaxta gətirilib.

Oktyabr ayında istefa vermiş keçmiş Baş nazir Saad Haririnin rəhbərlik etdiyi Əl-Mustakbal sünni hərəkatı radikal qüvvələrin Livanın şimalındakı Tripoli və Akkaradakı tərəfdarlarına heç bir aidiyyəti olmadığını vurğulayaraq iğtişaşları qınayıb.

Qeyd edək ki, Beyrutdakı etirazlar çərşənbə axşamı prezident Mişel Aoun tərəfindən Baş nazir Hassan Diabın başçılıq etdiyi yeni hökumətin tərkibini təsdiqləndikdən sonra baş verib. Etirazçıların liderləri bu kabinetin sünni icmasının və Livan xalqının maraqlarını ifadə etmədiyini bildirib.

Xatırladaq ki, Beyrutda polis xüsusi təyinatlıları ilə nümayişçilər arasında şiddətli qarşıdurmalar yanvarın 18-də baş verib. Nəticədə 400-ə yaxın etirazşı, 147 nəfər isə polis əməkdaşı yaralanıb.

Dİgər xəbərlər