18:49
24 Dekabr 2019

Doktorantura və dissertanturaya hazırlaşanlara proqram hazırlandı

Dövlət İmtahan Mərkəzi (DİM) doktoranturaya və dissertanturaya hazırlaşanlar üçün qəbul imtahanı proqramları təqdim edib.

Bu ildən doktorantura və dissertantura imtahanlarının xarici dil üzrə imtahanları DİM keçirir. Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Naziriyi ilə razılaşdırılmaqla, DİM-də müəyyənləşdirilir.

DİM-dən Lent.az -a verilən məlumata görə, xarici dil üzrə qüvvədə olan B2 və ya daha yüksək səviyyəli beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi AMEA və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, DİM-də müəyyənləşdirilir.

Dissertantlıq yolu ilə “fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyən şəxslər də xarici dildən bu qaydada qəbul imtahanı verirlər.

Qərarın icra olunmasını təmin etmək məqsədi ilə doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatlarının doktorantura üzrə məsul əməkdaşlarının və xarici dillər üzrə mütəxəssislərinin iştirakı ilə DİM-də görüş keçirilib, imtahana hazırlıq işlərini həyata keçirmək üçün DİM-in əməkdaşlarından və ingilis, alman və fransız dilləri üzrə mütəxəssislərdən ibarət işçi qrupları yaradılıb, doktoranturaya xarici dillər üzrə qəbul proqramları hazırlanıb və qəbul imtahanının modeli müəyyənləşdirilib.

Qəbul imtahanında xarici dillərə yiyələnmə səviyyəsinin müəyyənləşdirilməsi üzrə ümumavropa tövsiyə çərçivə sənədinə (CEFR) və beynəlxalq dil imtahanlarının strukturuna müvafiq olaraq, namizədlərin xarici dillər üzrə oxu, dinləyib–anlama, yazı və danışıq bacarıqlarının, dildən kommunikativ məqsədlə istifadəetmə vərdişlərinin, lüğət ehtiyatına və qrammatik minimuma yiyələnmə səviyyəsinin yoxlanılıb qiymətləndirilməsi nəzərdə tutulur. Danışıq bacarıqlarının yoxlanılması xüsusi hazırlıq işlərinin görülməsini, qiymətləndirməni həyata keçirəcək kadrların hazırlanmasını və təlimlərin keçirilməsini tələb etdiyinə və bu işlərə xeyli vaxt və resurs tələb olunduğuna görə bu sahədə bacarıqların cari qəbul kampaniyası zamanı deyil, növbəti qəbuldan etibarən yoxlanılması planlaşdırılır.

Doktoranturaya və dissertanturaya hazırlaşanlara xarici dillər üzrə qəbul proqramları təqdim olunur.

Doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanının 2020-ci ilin yanvar ayında elektron və ya kağız daşıyıcılar vasitəsilə keçirilməsi planlaşdırılır.

İmtahanın məzmunu barəsində DİM-in internet saytında əlavə məlumat veriləcək. İmtahandan əvvəl doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanının modeli əsasında onlayn sınaq imtahanının keçirilməsi də nəzərdə tutulur.

Dİgər xəbərlər