616
14:16
18 Dekabr 2019

Bu il Azərbaycanda 5 mindən çox zəlzələ olub

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində AMEA Yer Elmləri bölməsinin iclası keçirilib.

Lent.az -ın xəbərinə görə, bölmənin akademik - katibi, akademik Fəxrəddin Qədirovun sədrliyi ilə keçirilən iclasda AMEA-nın vitse-prezidenti, Neft və Qaz İnstitutunun direktoru, akademik İbrahim Quliyev, Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadə, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, bölməyə daxil olan elmi müəssisə və təşkilatların nümayəndələri, bölmə üzvləri və RSXM əməkdaşları iştirak ediblər.

AMEA Yer Elmləri bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov bildirib ki, gündəliyə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin 2019-cu ildə apardığı elmi və elmi-təşkilati işlərinin yekunlarına dair illik hesabatın təqdimatı və müzakirəsi daxildir.

RSXM-nin illik hesabatını mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli təqdim edib. Baş direktor ilk olaraq, təşkilatın strukturu, il ərzində mərkəzə daxil olan rəsmi sənədlərin icra vəziyyətinə dair məlumatları diqqətə çatdırıb.

Daha sonra 2019-cu il ərzində RSXM-də aparılmış kompleks seysmoloji, geofizki və geokimyəvi tədqiqatlar və alınmış nəticələr açıqlanıb. Bildirilib ki, 2019-cu il ərzində hesabat təqdim edilən vaxta qədər RSXM-nin seysmik stansiyaları tərəfindən 12 914 zəlzələ qeydə alınıb. Litosferdə gedən geodinamik proseslər nəticəsində hiss olunmayan və xırda zəlzələlərin daim baş verdiyini qeyd edən baş direktor qeydə alınmış zəlzələlərin 5298-nin yerli, 6748 - nin isə regional zəlzələlər olduğunu vurğulayıb. Azərbaycan ərazisində baş verən zəlzələlərdən 79-nun maqnitudası 3-dən yuxarıdır. Respublika ərazisində il ərzində 25 hiss olunan zəlzələ baş verib. Ən güclü zəlzələ isə 05 fevral 2019-cu il tarixində Şamaxı-İsmayıllı-Ağsu ərazisində qeydə alınıb. Həmin zəlzələnin maqnitudası 5.2 olub. Bununla yanaşı, il ərzində RSXM-nin seysmik stansiyaları tərəfindən 3 palçıq vulkanı püskürməsi qeydə alınıb ki, həmin püskürmənin ikisi ( Quşçu vulkanı) 05 fevral 2019-cu il tarixində Şamaxı-İsmayıllı-Ağsu zəlzələsindən sonra 13 fevral 2019-cu il tarixində qeydə alınıb.

RSXM-nin baş direktoru çıxışında 2019-cu ildə geofiziki, geokimyəvi, geodinamik sahələr üzrə görülən işlər və alınmış nəticələri barəsində də danışıb. Həmçinin mərkəzin xarici ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlığı, media ilə əməkdaşlıq sahəsində görülən işlər, kadr potensialının gücləndirilməsi üçün tədris sahəsində həyata keçirilən tədbirlər haqqında da məlumat verilib. Hesabatın təqdimatından sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri, akademik Pərviz Məmmədov, AMEA Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadə, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, AMEA Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, akademik Hətəm Quliyev və AMEA Yer Elmləri bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov çıxış edərək öz fikir və təkliflərini bildiriblər. Hesabat bölmə üzvləri tərəfindən müsbət qiymətləndirilərək, qəbul edilib.