Rəşad Sadıqov: “Məni tənqid edənləri normal qarşılayıram”
13 dekabr 2019 09:33 (UTC +04:00)

Rəşad Sadıqov: “Məni tənqid edənləri normal qarşılayıram”

Avropa Liqasının sonuncu – VI turunda Lüksemburqun “Düdelanj” klubunu qəbul edən "Qarabağ" artırma dəqiqələrində vurduğu qolla məğlubiyyətdən qaçıb - 1:1.

Apasport.az saytının məlumatına görə, matçdan sonra təşkil olunan brifinqdə Ağdam klubunun kapitanı Rəşad Sadıqov görüşü və mövsümü dəyərləndirib.

- Oyun haqqında nə deyə bilərsiniz?

- Oyun istədiyimiz kimi başlamadı. Rəqibin həm sistemi, həm də oyun üslubu bizim üçün gözlənilməz oldu. Onların 5-3-2 sistemi ilə oynamasını, qapımızın qarşısında pressinq etməsini biz gözləmirdik. Biz təcrübəli komandayıq, belə şeylərə hazır olmalıyıq. Amma hazır deyildik. Təəssüf ki, ilk 45 dəqiqədə rəqib bizə oynamağa imkan vermədi. Qol epizodlarımız oldu, lakin öz oyunumuzu göstərə bilmədik. Fasilədə məşqçimiz bizi sərt şəkildə tənqid etdi, tələb etdi ki, ikinci hissədə daha sürətli oynayaq, topa daha çox sahib olaq. Bildiyiniz kimi, ikinci hissə başlayan kimi azlıqda qaldıq, əlavə olaraq qapımızda qol gördük. Bundan sonra komanda əzmkarlıq göstərdi. Hətta məğlub olsaydıq belə mən eyni sözləri deyəcəkdim. Sona qədər mübarizə apardıq, bir neçə yüz faizlik qol imkanı yaratdıq. Şükürlər olsun ki, sonda hesabı bərabərləşdirə bildik və qrupu məğlubiyyətlə başa vurmadıq. 

- Matç formal xarakter daşıyırdı. Bu amil oyununuzun alınmamasına təsir göstərdimi? 

- Bunun çox səbəbləri var. Tək qeyd etdiyiniz amil deyil. Futbolçularımız 30-a yaxın oyun oynayıb, millinin üzvlərini də nəzərə alsaq, 33-34 qarşılaşma edir. Həqiqətən də komanda çox yorğundur. Bu il çox ümidli idik ki, qrupdan çıxacağıq, alınmadı və komanda motivasiya baxımından böyük zərbə aldı.  Oyundan qabaq, isinmədən gələndə Qurban müəllim bizi sərt tənqid etdi ki, məşqdə xoşuma gəlmirsiniz, motivasiyanız yoxdur. Bunun da səbəbini hamı bilir. Oyunda komanda sanki 0:1-dən sonra ayıldı. Dişini göstərdi ki, məğlub olmaq istəmir. Amma biz hər oyuna ciddi yanaşmalıyıq. Əgər “Qarabağ”  forması ilə oyuna çıxırıqsa, o oyuna canımızı qoymalıyıq.

- Qrup mərhələsində “Qarabağ”ın bəxti gətirmədi, yoxsa gücü budur?
- Qrupdakı komandalara baxanda, mənə görə, eyni gücdəydik. APOEL ilə də gücümüz bərabər idi. Lakin oyunlar göstərdi ki, biz onlardan qat-qat üstün çıxış etdik. Təəssüf ki, çoxsaylı qol imkanlarından yaralana bilmədik, xüsusi ilə də APOEL ilə səfər oyununda. Həmin görüşdə 1:0 hesabı ilə irəlidə olanda ikinci qolu vursaydıq, bu günki matç demək olar ki, formal xarakter daşıyacaqdı. Lakin biz bu fürsətlərdən istifadə edə bilmədik. Belə hallarla çox qarşılaşmışıq. Sadəcə səbirli olub, qarşıdakı mövsümlərə hazırlaşmaq lazımdır. Məncə, qrupa düşməyi bu qədər adiləşdirmək lazım deyil. Xatırladıram ki, biz arzu edirdik ki, Azərbaycan klubları avrokubokların qrupunda heç olmasa bir matç evdə oynasın. Bəli, bu il yaxşı şansımız var idi. Oyun baxımından da çox yaxşı mübarizə apardıq. Amma təəssüflər olsun ki, nəticə istədiyimiz kimi alınmadı.

- APOEL-in son turda “Sevilya”ya qalib gəlməsi sizin üçün sürpriz oldumu?

- Doğrusu, bu haqda məlumatım yoxdur. APOEL zəif rəqib deyil. Sadəcə, biz onları hər iki oyunda üstələdik, amma heç birində qələbə qazana bilmədik.

- Təxminən 3 ay əvvəl demişdiniz ki, “Sevliya” istisna olmaqla, qrupda güclər bərabərdir. Biz bu qrupdan çıxmalıyıq...

- Həyatımda elə açıqlama verməmişəm. Özümə əminəm, mentalitetimi bilirəm. Çalışacağımızı deyə bilərəm. Futbolda əvvəldən heç nəyi demək mümkün deyil. Qırılma anları çox olur. Amma yenə deyirəm ki, qrupa düşməyi adiləşdirmək lazım deyil. Qrupa düşmək bizə arzu kimi görünürdü, sonra qrupda qələbə qazanmaq da. İndi müəyyən qədər buna nail olmuşuq. Sadəcə, səbir etmək və çalışmaq lazımdır. Komandanı və hətta məni tənqid edənləri də normal qarşılayıram, anlayıram. Səhv varsa, tənqid də olacaq. Amma bəzi şeyləri də unutmaq lazım deyil ki, Azərbaycan klubu üçün Avropa Liqasının qrupunda oynamaq mənə görə uğurdur. Bunu bu gün də deyirəm, sabah oynamasam da deyəcəm.  

- “Qarabağ”ın neçə faizi dəyişməlidir ki, gələn mövsümdə də qruplarda oynaya biləsiz? 

- Bu ilki heyəti də mən uğurlu hesab edirəm. Əgər biz qrupa düşmüşüksə, orada yaxşı oyun nümayiş etmişiksə, heyət baxımından problem yoxdur. Amma hər il iki-üç nəfər istəyirik ki, komandaya yeni nəfəs gətirsin. Çünki bir yerdə qalmaq olmur, bəzi dəyişikliklər xeyrimizə olur.

# 1104
avatar

Oxşar yazılar