Bakıda yetkinlik yaşına çatmayan şəxsi özü ilə birgə cinayətə cəlb edən həbs olunub.
Lent.az xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.
İttiham aktına görə, 34 yaşlı Mirzə İbadov (şərti adla) 14 yaşlı Şakiri (şərti adla) pul qazanmaq vədi ilə şirnikləndirərək, marketlərdən birini qarət etməyə cəlb edib. Onlar gecə saat 2 radələrində supermarketlərdən birinin arxa qapısının açıq olmasında istifadə edərək içəri daxil olublar. Marketdən 800 manat dəyərində olan kompüteri, 917 manatlıq siqaretləri, dəyəri 15 manat təşkil edən 50 ədəd alışqanı və 170 manat nağd pulu oğurlayıblar. Bununla da zərərçəkənə ümumilikdə 1902 manat ziyan vurublar.
Faktla bağlı Mirzə İbadov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddələrlə cinayət işi başlanıb.
M. İbadov ifadəsində bildirib ki, marketdən oğurluq edərkən, əvvəlcə kameraları söküblər. O, oğurladıqları siqareti “28 May” ərazisində satdıqlarını, əldə etdikləri pulu isə Şakirlə aralarında böldüklərini deyib. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu deyərək, zərərçəkəndən bağışlanmasını istəyib. O, həmçinin azadlıqda qalacağı təqdirdə işləyib dəymiş ziyanı ödəyəcəyini bildirib.
Zərərçəkmiş tərəf isə yalnız kompüterin geri qaytarıldığını, digər dəymiş zərərin ödənilmədiyini deyib. O, buna görə də şikayətçi olduğunu bildirərək, məhkəmədən ədalətli qərar verilməsini istəyib.
Məhkəmənin qərarı ilə Mirzə İbadov 3 il müddətinə azadlıqdan məhrum edilib.