779
11:25
03 Dekabr 2019

AQTA-dan balıq satan sahibkarlara XƏBƏRDARLIQ

Azərbaycan Qiada Təhlükəsizlik Agentliyi (AQTA) balıqçılıq məhsullarının istehsalı və idxalı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edib.

Lent.az -a qurumun mətbuat xidmətindən verilən məlumata görə, “Yeyinti məhsulları haqqında” qanunun 7-ci maddəsinə əsasən, Azərbaycanda qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, gigiyenik, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun təmin edilməsi məqsədilə qida təhlükəsizliyi qeydiyyatına alınır. Qanunvericiliyə əsasən, qida təhlükəsizliyi qeydiyyatına alınmamış təsərrüfat subyektlərinin qida sahəsində fəaliyyət göstərməsi qadağandır.

Eyni zamanda 2019-cu il iyulun 12-də “Balıqçılıq haqqında” qanunun 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən Azərbaycanda minimum keyfiyyəti və təhlükəsizliyi qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən, mənşəyi və keyfiyyəti barədə sənədləri olan və qida təhlükəsizliyi qeydiyyatına alınmış subyektlər tərəfindən istehsal edilmiş balıq məhsulları ticarət dövriyyəsinə daxil edilə bilər: "Balıq məhsullarının ölkəyə idxalı ilə məşğul olan, həmçinin həmin məhsulları istehsal edən təsərrüfat subyektlərinin qida təhlükəsizliyi qeydiyyatına alınması zəruridir. Bununla bağlı agentlikdən qanunvericiliyin tələblərinin diqqətə çatdırılması və yeni dəyişikliklər barədə məlumat verilməsi məqsədilə balıq və balıq məhsullarının idxalı ilə məşğul olan sahibkarlarla görüşlər keçirilmiş, onlara rəsmi məktublar göndərilmiş və yeni qaydaların icrası ilə bağlı təlimatlar verilib.

Agentlik sözügedən sahədə fəaliyyət göstərən sahibkarlara bir daha müraciət edərək bildirir ki, yanvar 2020-ci il yanvarın 1-nə qədər ölkəyə idxal olunan balıq və balıq məhsullarının istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatından keçirilməsi təmin edilməlidir. Göstərilən tarixdən etibarən qeydiyyatdan keçməmiş müəssisələrdə istehsal olunmuş balıq və balıq məhsulların ölkəyə idxalına yol verilməyəcək.