Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının noyabrın 28-dəki sərancamı ilə Fikrət Hüseyn oğlu Yusifov sədrin sosial-iqtisadi məsələlər üzrə müavini təyin edilib.
Bu barədə Lent.az-a Ana Vətən Partiyasının mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, Fikrət Yusifov 1957-ci il avqust ayının 20-də ziyalı ailəsində anadan olub. 1974-cü ildə Abşeron rayonunun Mehdiabad qəsəbəsində orta məktəbi, 1978-ci ildə Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnustutunu fərqlənmə diplomu ilə bitirib və təyinatla Azərbaycan SSR Dövlət Bankına işləməyə göndərilmiş, hərbi xidmətdən sonra əmək fəaliyyətini Azərbaycan SSR Maliyyə Nazirliyində davam etdirib.
Nazirliyin büdcə idarəsində baş iqtisadçı, şöbə müdiri vəzifəsində çalışıb. 1987-ci ildə Moskva şəhərində "Müasir şəraitdə yerli büdcələrin mədaxil bazarlarının təkmilləşdirilməsi" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb. 1988-ci ildən – 1992-ci ilədək Azərbaycan Dövlət İqtisad Universitetində müəllimlik fəaliyyətinə başlamış, institutun elmi-tədqiqat laboratoriyasına rəhbərlik etmiş, Maliyyə-iqtisad fakültəsinin dekan müavini vəzifəsində çalışıb.
1992-1994-cü illərdə Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini, 1994-cü ildən 1999-cu ilədək Azərbaycan Respublikası maliyyə naziri vəzifəsində işləyib.
2001-ci ildə Sankt-Peterburq Maliyyə-İqtisad Universitetində doktorluq dissertasiyasını müdafiə etmiş və 2004-2013-cü illərdə həmin universitetdə professor vəzifəsində çalışıb.
2018-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində professor kimi əmək fəaliyyətini davam etdirir.
2014-cü ildə "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyini təsis edib və onun sədri seçilib.
Altmışdan artıq elmi əsərin və dərsliklərin müəllifidir.
Ailəlidir, dörd övladı var.