548
17:05
31 Oktyabr 2019

Sahibkarlar bu tarixdən zərərli enerji içkilərini gətirə bilməyəcək

Yanvarın 1-dən Azərbaycanda “Enerji içkilərinə dair müvəqqəti sanitariya normalari və qaydaları” qüvvəyə minir. Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyində (AQTA) hazırlanan yeni qaydalar bu məhsulların minimum keyfiyyət göstəriciləri və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qablaşdırılması, etiketlənməsi, daşınması və saxlanmasına, həmin məhsulların istehsalında istifadə olunan xammal və materiallara dair məcburi tələbləri əks etdirir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Lent.az -ın sorğusuna cavab olaraq bildirilib ki, enerji içkilərinin istehsalı və idxalı zamanı AQTA-nın təsdiqlədiyi “Enerji içkilərinə dair sanitariya norma və qaydaları”nın tələblərinə əməl edilməlidir: “qaydalara əsasən ölkəyə idxal edilərkən enerji içkiləri gömrük ərazisinə daxil olunduqdan sonra agentliyin müfəttişləri nümunələr götürərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında ekspertizadan keçirəcək. Ekspertizanın nəticələri uyğun olduqda məhsullara qida təhlükəsizliyi sertifikatı veriləcək və həmin sertifikatla sahibkarlar məhsulları yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edə biləcəkllər. Əgər məhsul sözügedən qaydaların tələblərinə uyğun deyilsə, onun idxalına icazə verilməyəcək. Eləcə də satışda olan belə məhsullar dövriyyədən çıxarılacaq.

Eyni zamanda, bu qaydalara əməl etməyən istehsalçı və idxalçılara qarşı inzibati qaydada tədbirlər görüləcək”.

Qurumdan bildirilib ki, bununla yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduqda, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur: “Qaydalar 2020-ci il yanvarın 1-dən etibarən qüvvəyə minəcək. Həmin müddətdən sonra əgər vətəndaşların satış müəssisələrində satılan enerji içkilərinin qaydalara uyğun istehsalı və satışı ilə bağlı şübhələri olarsa, bu barədə agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər”.