Polis istəyir ki...
23 oktyabr 2019 11:23 (UTC +04:00)

Polis istəyir ki...

Gördüyünüz bu şəkil sosial şəbəkələrdə rastıma çıxdı. Vətəndaş gördüyünü maraqlı şəkildə izah edir və düşüncələrini bölüşürdü. Yazırdı ki, polis tərəfindən atılan bu xoşməramlı addım ara-sıra törədilən xırda talamaların və digər cinayət əməllərinin qarşısını almaq üçün həm də bir çağırışdır, uyarıdır.
 
Əslində, hər birimizin gördüyü, bildiyi, lakin əməl etmədiyi həqiqətləri polis yenidən gözlər önünə sərmişdi.
 
“Əməl etmək üçün tanış olmaq və həyata keçirmək lazımdır”. Bu fikri də sosial şəbəkə istifadəçisi yazmışdı.
 
Bu dəfə də polis vətəndaşı düşünmüşdü və illərlə əziyyət çəkib, min bir zəhmətə qatlaşıb yığdıqlarını bir göz qırpımında kimlərinsə aparmasına o, göz yuma və bu məsələyə laqeyd qala bilməzdi.
 
Və təəssüflər olsun ki, bizlər bu nüansları görməzlikdən gəlir, “Əşi heç nə olmaz”larla özümüzü aldadırıq. Hadisə baş verəndə isə “polis hara baxır” deməklə onu hətta ittiham belə edirik. Burda atalar gözəl deyib: “İşini ehtiyatlı tut, qonşunu oğru bilmə”.
 
Gəlin, indi polis nəyi, necə xəbərdar edir, ona diqqət edək. Polis deyir ki,evdən çıxarkən qapınızı asma qıfılla bağlamayın. Bu o deməkdir ki, siz evdə yoxsunuz. Oğrular da bundan istifadə edib oğurluğa cəhd edə bilərlər. Pul və qiymətli əşyalarınızı ailə üzvlərinizdən kənar şəxslər bilməməlidir. Azyaşlı ailə üzvlərinin, qohum və qonaqların evdə olduqları vaxt pul və qiymətli əşyaların saxlanc yerinə qoyulub-götürülməsi hallarına yol verilməməlidir. Evlərinizi və obyektlərinizin daimi stasionar qaydada mühafizəsini təmin etmək üçün mühafizə polisi ilə müqavilə bağlamaq, bu mümkün olmadıqda isə evlərinizin və obyektlərinizin ətrafına kamera quraşdırmaqla mühafizəni təmin etməyiniz məsləhət görülür.
 
Məsələyə aydınlıq gətirən Xaçmaz rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov sözügedən çağırışın şöbənin qarşısında, insanların daha gur toplaşdığı yerlərdə, bazarlarda, böyük marketlərdə, məktəblərdə vurulduğunu dedi.
 
Şöbə rəisi bu istiqamətdə kəndlərdə təbliğatın qurulmasında sahə rəisləri ilə ictimai şura üzvlərinin də fəallığını diqqətimizə çatdırdı. Vətəndaş bunları oxuduqdan sonra onun həyatını, əmlakını cinayətkar qəsdlərdən qoruyan polisini daha da sevəcək və ona öz köməkliyini əsirgəməyəcək. Vətəndaş məmnunluğu üçün görülən hər bir iş, fəaliyyət cəmiyyətdə təqdir olunur və bu da bizi Vətənə, xalqa xidmət etməyə, işimizdə dönüş yaratmağa ruhlandırır. Bunları da H.Həsənov qeyd etdi.
 
Cəmiyyətdə dəyişiklik etmək, uzun illər formalaşmış stereotiplərə qarşı mübarizə aparmaq üçün təbliğ edəcəyin ideyanın dönüş yaradacağına inanmalı, bu yolda inadkarlıq nümayiş etdirməlisən. Güc isə hər zaman birlikdədir. Elə polis də bu yolu seçib, arxasında dayanan Gücə-Xalqa arxalanaraq, təbliğ etdiyi fikrin faydalı olacağına şübhə etmir. Bir sözlə, polis ona görə yeniliklərə qucaq açır, ona görə yaxşını tətbiq edir ki, qazananın Xalq olacağına inanır.
 
 
 
# 857
avatar

Hafiz Təmirov

Oxşar yazılar