Sosial evləri kirayə verənlərə <span style="color:red;">XƏBƏRDARLIQ  - <span style="color:red;">Yeni təklif
19 sentyabr 2019 13:41 (UTC +04:00)

Sosial evləri kirayə verənlərə XƏBƏRDARLIQ - Yeni təklif

“Dövlətin aztəminatlı ailələr üçün nəzərdə tutduğu evləri alıb, kirayə verirlər”.

 

Bu fikri iqtisadçı ekspert Vüqar Bayramov bildirib. O, rəhbərlik etdiyi mərkəzə bu barədə müraciətlərin çox olmasından danışıb. Ekspert paylaşımda həmçinin sosial evlərə yalnız aztəminatlı ailələrin sahib olması üçün bir sıra təkliflər də verib. Təkliflərdən biri evi olan şəxslərin sosial ev üçün müraciət etməsinin məhdudlaşdırılmasıdır. İqtisadçı buna görə yalnız müraciət edənin deyil, həm də onun ailə üzvlərinin də adına mənzil olub-olmamasını yoxlamağın vacibliyini bildirib. Bəs görək dövlətin orta və aşağı təbəqə üçün nəzərdə tutduğu sosial evləri alıb sonradan kirayə verənlər üçün cəzalar tətbiq olunmalıdırmı?

 

Məsələ ilə bağlı Lent.az-a danışan iqtisadçı Vüqar Bayramov, cəza tədbirlərinə deyil, monitorinq tədbirlərinin genişləndirilməsinə ehtiyac olduğunu söyləyib: “Fikrimcə cəza tədbirləri bu istiqamətdə əhəmiyyət verməyəcək. Qanunvericiliyin dəyişdirilməsinə və monitorinqin genişləndirilməsinə ehtiyac var. Müqavilədə o nəzərdə tutula bilər ki, ev istifadə olunmadığı və kirayə verildiyi halda əvvəlcə xəbərdarlıq edilsin. Xəbərdarlıq nəticə vermədikdə isə müqaviləyə yenidən baxılsın”.

 

Lent.az-a açıqlama verən daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı da Vüqar Bayramovla həmfikir olaraq, tələblərin dəyişilməsini zəruri hesab etdiyini bildirib. Onun sözlərinə görə, hazırkı qaydalar orta və aşağı təbəqənin mənzilə sahib olmasına imkan vermir:

 

“Sosial evlərə sahib olmaq üçün qaydalar dövlət tərəfindən təsdiqlənib və Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən icra olunur. Proseslərin şəffaflığı, mənzillərin verilmə qaydasının mükəmməlliyi, adekvat olub-olmaması barədə dəfələrlə müzakirələr gedib. Bu məsələlərlə bağlı hökumətə ekspertlər və.s ayrı-ayrı şəxslər tərəfindən təkliflər də edilib. Amma təəssüflər olsun ki, qayda və şərtlər hələ də bugünkü mövcud reallıqlardan kənara çıxa bilməyib. Əslində bu mənzillər üçün əhalinin orta və aşağı təbəqəsi olan müəllimlər, hərbçilər, məcburi köçkünlər və.s müraciət etməlidir. Sosial mənzil üçün edilən müraciətlərin 60-70%-i müsbət qiymətləndirilmir. Ona görə ki, mövcud şərtlərə adekvat deyil. Misal olaraq, müəllimi götürə bilərik. Belə ki, müəllimin müraciəti son baxış üçün banka göndərilir. Bank da onun ödəniş qabiliyyətinə baxıb uyğun görmür. Beləliklə də müraciət müsbət cavablanmır. Düşünürəm ki, ucuz mənzilləri əldə etmənin qayda və şərtləri daha tərəqqi və konseptual olmalıdır. Məsələn, orta məktəb müəlliminin də mənzilə sahib olması üçün onun aylıq əməkhaqqı, tam ailə tərkibi nəzərə alınmalı və tələblər uyğunlaşdırılmalıdır. Real götürək, ayda 600-700 manat alan və ailə tərkibi 4 nəfər olan dövlət qulluqçusu yaxud 300-400 manat alan müəllim necə sosial ev alsın? Onların da sosial evə sahib olması üçün qaydalara dəyişiklik edilməlidir”.

 

Mənzil İnşaat Dövlət Agentliyinin də məsələyə münasibətini öyrənmək üçün qurumun ictimaiyyətlə şöbəsi ilə əlaqə saxladıq. Ancaq MİDA bu barədə hər hansı cavabının olmadığını, ekspertlərin fikrinin yetərli olduğunu bildirdi.

# 1303
avatar

Mehman Nəbiyev

Oxşar yazılar