1326
18:23
18 Sentyabr 2019

Elinanın intiharı ilə bağlı icra başçısının xanım müavini ifadə verdi - YENİLƏNİB - VİDEO

Bakı Ağır Cinayətlər Məhkəməsində Elina Hacıyevanın məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.
APA -nın məlumatına görə, prosesdə E.Hacıyevanın anası Sevil Hüseynova ifadə verərək qızını 162 saylı məktəbə qoyandan sonra problemlər yaranmağa başladığını deyib: "Bir dəfə Elinanın boğazında kəsik izi görüb nə olduğunu soruşdum. Dedi Diana ilə zarafatlaşanda divarda mismara dəyib. Sonuncu hadisə günü isə mən məktəbə çatanda artıq Elinanı xəstəxanaya aparmışdılar. Həmin gün onu görə bilmədim, yanına buraxmadılar. Səhəri gün 1 dəqiqəlik icazə verdilər, onda da artıq Elinanın vəziyyəti kritik idi, əlini tutdum, amma heç nə hiss eləmirdi, reaksiya vermədi. Mən içəri girəndə sinif rəhbəri və sinif yoldaşının anası orada idi. Onları buraxmışdılar, amma məni yox. Xəstəxanada isə həkimlər mənə heç nə demədilər. Orada Xalidə Bayramovanı gördüm, o dedi ki, heç nəyi yoxdur, Elina yaxşıdır. Aprelin 5-də bizə demişdilər ki, aprelin 6-da Elinanı palataya köçürəcəklər. Lakin sonra xəbər gəldi ki, Elina dünyasını dəyişib".
Məhkəmədə ifadə verən E.Hacıyevanın nənəsi Solmaz Əsgərova bildirib ki, nəvəsini incitdikləri barədə dəfələrdə direktora şikayət edib, lakin heç bir tədbir görülməyib: “Sonuncu dəfə dedi ki, çıx get, bir də mənim məktəbimə gəlmə. Elinanın sənədlərini götürüb üstümə atdı”.
Daha sonra prosesdə Səbail rayon Polis İdarəsinin əməkdaşları Əsəd Umumbəyov, Pərvanə Səfərəva, Elinanın xalası Arzu Əliyeva, onun qızları Diana və Dinara Hacıyevalar, məktəbin direktor müavini Lalə Məhərrəova, sinif rəhbəri Çimnaz Mehtiyeva ifadə veriblər.
Bu gün iş üzrə 47 şahiddən 9-u dindirilib.
Proses sentyabrın 19-u saat 14:00-dək fasilə verib.
***
14:26
Məhkəmədə Səbail rayon icra Hakimiyyətinin birinci müavini Xalidə Bayramova şahid qismində ifadə verib. O, qeyd edib ki, hadisə ilə bağlı ona məktəbin direktoru Sevinc Abbasova məlumat verib: "Sevinc Abbasova zəng edərək mənə dedi ki, 8-ci sinifdə oxuyan qız 2-ci mərtəbədən yıxılıb. Ona təşvişə düşməməyi tapşırdım. Məsələ ilə bağlı icra başçısına məruzə etdim və ondan icazə alıb məktəbə getdim. Başçı ilə danışandan sonra direktora zəng edib dedim ki, polisə xəbər verin və təcilli yardım çağırın".
X.Bayramova ifadəsində qeyd edib ki, direktor ona təcili yardım çağırdıqları bildirib: "Məktəbə saat 11:01-də çatdım. Polislər orada idi. Elinanı divanda uzandırmışdılar. Direktor çox həyəcanlı idi. Gördüm ki, hələ həkim çağırılmayıb. Belə olan halda mən birbaşa Rauf həkimə zəng edib təcilli yardım göndərmələrini istədim. 4 dəqiqə sonra həkimlər gəldi".
İcra başçısının müavini bildirib ki, Elina Hacıyeva çoxlu dərman içib: “Orada dedilər ki, Elina çoxlu dərman içib. Qız özü isə dedi ki, dünən 30, bu gün 60 həb atıb. O, dərman içdiyini dediyi üçün onu Toksikologiyaya apardılar. Lakin sonra zədələrini görüb “Semaşko”ya göndəriblər”.
X.Bayramova onu da qeyd edib ki, Elinanın ölümünü gözlənilməz olub: "Həkimlər bizi inandırmışdı ki, Elinanı xilas ediblər”.
İcra başçısının müavini bildirib ki, Elina sinif yoldaşlarından gileylənib: "Məktəbdə Elinanı ilk dəfə görəndə “ölmək istəyirəm” deyirdi. Mənə dedi ki, “bu sinif, bu uşaqlar dəhşətlidir. Bu məktəbdən getmək istəyirəm”.
X.Bayramova suallara cavabında E.Hacıiyevan;n anasına barışıq üçün pul təklif etmədiyini deyib: “Deyirlər ki, direktorla qohumam, “podruqa”yam. Bunlar yalandır. Mən, sadəcə onlara kömək edirdim”.
***
13:22
Bu gün ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi davam edib.
APA -nın məlumatına görə, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.
Prokuror ittiham aktını elan edib.
Sevinc Abbasova ittiham üzrə özünü təqsirli bilməyib və indiki mərhələdə ifadə vermək istəmədiyin deyib.
Məhkəmədə Elina Hacıyevanın anası Sevil Hüseynova və Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova ifadə veriblər.
Prosesdə saat 14-ə qədər fasilə elan edilib.
Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Daha sonra Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə açılan cinayət işinə xitam verilib.
***
12:20
Bu gün ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi davam edib.
APA -nın məlumatına görə, Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi keçirilən prosesə jurnalistlər buraxılmayıb. Məhkəməyə Səbail rayon icra başçısının müavini Xalidə Bayramova ifadə verib və daha sonra məhkəməni tərk edib.
Proses davam edir.
Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Daha sonra Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə açılan cinayət işinə xitam verilib.