Türkiyənin məşhur aktyoru Kadir İnanırın vəsiyyəti açıqlanıb.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, aktyor bütün əmlakını 27 il birlikdə yaşadığı həyat yoldaşı Jülide Kurala miras qoyub. Vəsiyyətnaməyə əsasən, Kuralın sağ olmadığı halda mirasın müxtəlif xeyriyyə təşkilatlarına verilməsi nəzərdə tutulub.
Aktyorun vəkili Bişar Abdi Alınak bildirib ki, Kadir İnanır 2015-ci ildə hazırladığı əvvəlki vəsiyyətnaməni ləğv edib və 2022-ci ildə yenisini tərtib etdirib.
Sənədə görə, aktyor üç avtomobilini, daşınmaz əmlaklardakı bütün hüquq və paylarını, bank hesablarındakı pullarını, kolleksiyalarını, incəsənət əsərlərini və bütün müəllif hüquqlarını Jülide Kurala vəsiyyət edib.
Bundan əlavə, Kadir İnanır həyatının sənədli filmə çəkilməsi, onun adına fond, dərnək, park və ya sənət mərkəzi yaradılması kimi təşəbbüslərlə bağlı icazə və müəllif hüquqlarını da Kurala verib.
Məlumata görə, aktyorun ümumi mirasının dəyəri təxminən 1 milyard türk lirəsi həcmində qiymətləndirilir. İstanbul, Ordu və istirahət bölgələrində yerləşən daşınmaz əmlaklarının dəyərinin 650 milyon lirəyə çatdığı bildirilir.
Aktyorun 25-dən çox bahalı saat, qızıl alışqan, üzük və qələmdən ibarət kolleksiyasının təxminən 50 milyon lirə olduğu qeyd edilir. Onun illər ərzində topladığı 3 mindən çox qurbağa fiqurundan ibarət kolleksiyasının isə təxminən 35 milyon lirə dəyərində olduğu bildirilir.
Kadir İnanır karyerası ərzində 182 film və 12 serialda rol alıb. Onun müəllif və yayım hüquqlarından ölümündən sonra da uzun illər gəlir əldə ediləcəyi gözlənilir.
Qeyd edək ki, Kadir İnanır iyunun 27-də 77 yaşında vəfat edib.