535
14:49
05 Sentyabr 2019

Qaz son vaxtlar niyə tez-tez kəsilir? - RƏSMİ AÇIQLAMA

Bir müddətdir Azərbaycanın müxtəlif rayonlarında, eləcə də Bakı və ətraf ərazilərdə sistemli şəkildə qaz kəsintiləri baş verir.
Bununla bağlı Lent.az -ın suallarını cavablayan “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib ki, qaz təchizatının dayandırılması payız-qış mövsümünə hazırlıqla bağlıdır:
“Bundan başqa, dayandırılma əsas 3 mərhələdə aparılır. Birincisi, qaz xətlərində sızmaların aşkar olunması ilə bağlıdır. Qaz sızmaları da bizdən asılı olan məsələ deyil. Ola bilər ki, hansısa qaz kəməri müəyyən müddətdən sonra istismarını başa vursun, bu ərəfədə korroziyaya uğrasın və ya kənar təsirlərə məruz qalsın. Yol qəzaları səbəbindən də bu cür hadisələr olur. Vətəndaşın evinin yanındakı sayğacda hansısa texniki səbəbdən qaz sızıntısı da ola bilər ki, sonrasında vətəndaş bizə müraciət edir və sızıntının qarşısını almaq üçün qaz təchizatı dərhal dayandırılır. Problem həll edildikdən sonra qaz təchizatı verilir.
İkinci məsələ qoşulmalardır. Deyək ki, bir bina istismara verilirsə, qaz xətləri çəkildikdən, sayğaclar qoşulduqdan sonra qaz açılışını təmin etmək üçün 1 həftə, 10 gün vaxt lazım olur. 1 həftə ardıcıl olaraq isə biz qaz təchizatını dayandıra bilmərik. Buna görə də bu mərhələli şəkildə günlərə, həftələrə bölünür və icrası həyata keçirilir.
Dövlət Proqramına uyğun olaraq ilin sonunadək 33 şəhər, rayonda 13 qəsəbə və 23 kənd üzrə qazlaşdırma aparılmalıdır. Məsələn, kəndin qazlaşdırılması tam təmin olunur, qaz xətləri çəkilir, sayğaclar qoşulur, ancaq onun xəttə, ümumi mənbəyə qoşulma prosesi noyabr ayında da, dekabrda da ola bilər. Hazırda da bu proses davam edir. Bu qoşulmanın icra olunması üçün isə qaz təchizatı dayandırılmalıdır. Yəni, mənbədə qaz qala-qala bu proses mümkün deyil.
Üçüncü səbəb sazlama işləridir. Qaz təchizatı dayandırıldıqdan sonra qaz kəmərlərinə texnoloji göstəricilərə uyğun olaraq müəyyən təzyiqdə hava vurulur və kəmərin digər hissəsindən şamlar vasitəsilə hava çıxarılır. Havanın vurulmasına səbəb isə sızmaların baş verməsini ayırd edir, eyni zamanda kənar qoşulmaların, müdaxilələrin olduğunu rahatlıqla müəyyən edir. Bu da müəyyən vaxt aparır”.
C.Səfərov qeyd edib ki, may ayından xüsusi komissiya proqram tərtib edir və ilin payız-qış mövsümü başlayanadək nəzərdə tutulan işlər icra olunur:
“Bildirim ki, sazlama işləri sentyabrın 15-dən sonra minimuma endiriləcək. Ondan sonra qaz təchizatının dayandırılması sızmalar və ya qoşulmalar baş verdiyi zaman olacaq”.