Azərbaycanda nağdsız əməliyyatların həcmi kəskin artıb
31 iyul 2019 11:09 (UTC +04:00)

Azərbaycanda nağdsız əməliyyatların həcmi kəskin artıb

 
 
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda banklararası ödəniş sistemləri vasitəsilə aparılan ödəniş əməliyyatlarının həcmi 131,3 mlrd. manat, sayı 25,378 mln. ədəd təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 5,1% və 41,3% çoxdur.
 
APA-Economics”in Azərbaycan Çərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, Hökumət Ödəniş Portalı (HÖP) üzərindən hesabat dövründə həyata keçirilən əməliyyatların həcmi 1,412 mlrd. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34% artım deməkdir. Sözügedən əməliyyatların 551 mln. manatı nağdsız qaydada həyata keçirilib ki, bu göstərici 2018-ci ilin ilk yarısı ilə müqayisədə 3,4 dəfə artıb.
 
Bu ilin iyunun 30-na ölkə üzrə ödəniş kartlarının sayı keçən ilin müvafiq dövrünə nisbətən 14,7% artaraq 7 mln. ədədi ötüb. Bunlardan təmassız ödəniş kartlarının sayı 998 min ədəd olub. Təmassız kartların sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə, təmassız əməliyyatların sayı isə 4,6 dəfə artıb.
 
Hesabat dövründə ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların həcmi 9,532 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24% çoxdur. Ödəniş kartları ilə aparılmış əməliyyatlarda nağdsız hesablaşmaların çəkisi 20% təşkil edib ki, ötən ilin analoji dövründə bu göstərici 16% idi.
 
İyunun 30-na Azərbaycan üzrə bankomatların sayı 2571 ədəd olmuşdur ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 90 ədəd çoxdur. Bankomatların 1 373-ü Bakı şəhərində, 1 198-i isə digər şəhər və rayonlarda yerləşir. Ölkədə banklar tərəfindən quraşdırılmış POS-terminalların sayı 63 396 ədəd olub ki, bunun da 25 747 ədədi təmassız POS-terminallardır. Ötən ilin analoji dövrü ilə müqayisədə təmassız POS-terminalların sayı 26% (5 305 ədəd) artıb.
 
“Aparılan təhlillər bir daha göstərir ki, ölkədə rəqəmsal ödəniş infrastrukturunun inkişafı, ictimaiyyətdə nağdsız ödəniş vərdişlərinin formalaşdırılması istiqamətində görülən işlər öz müsbət nəticələrini verməkdədir. “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın hədəflərinə nail olunması istiqamətində işlər bundan sonra da davam etdiriləcək”, - deyə AMB-nin məlumatında deyilir.
 
# 764
avatar

Oxşar yazılar