1046
11:40
28 İyul 2019

Bir alimin xatirəsinə - ANIM

Adam var ki, evdən gedir, adam da var eldən. Yaşayanda təkcə ailəsinin yox, el-obasının, dostlarının, tələbələrinin, onu tanıyan hamının doğmasına çevrilə bilmiş alimlərdən birinin anım günüdü bu gün...
Tanınmış onkoloq Nurməmməd Şixməmmədov 1958-ci il mayın 12-də Quba rayonunun Xucbala kəndində ziyalı ailəsində anadan olmuşdu. Atası Əhəd Şixməmmədov Xucbala kəndində müəllim, həm də orta məktəbin direktoru idi. Yuxarı sinifləri Qusar rayonunda bitirir.
Elə indi də danışanda müəllimi Nurmət Zəkiyev onun haqqında “nadir inci” deyir. Məktəb illərini xatırlayan yoldaşları onun xüsusi zəkaya malik olduğunu deyirlər.
Nurməmməd Şixməmmədov Tibb Universitetinə qəbul olur, 40 yaşında Moskvada doktorluq dissertasiyası müdafiə edir. Bütün ömrü boyu onkoloji xəstəliklərlə mübarizə aparır. Dünyanı bürüyən, adı gələndə hər ocağı sızıldadan bu illətin dərmanını tapmaq üçün uğraşır bütün həmkarları kimi... Amma! Amma elə özü də 2014-cü ildə, iyulun 28-də bu xəstəlikdən dünyasını dəyişir...
Yaxın dostu, məşhur tarixçi alim Anar İsgəndərov deyir ki, Nurməmməd müəllim xalqın kisəsindən gedən itkilərdəndir: “O, həmişə hörmətlə xatırlanacaq həkim, insan və ziyalı idi”.
Universitetdə tələbələri üçün təkcə müəllim deyildi, həm də yaxın dost idi. Dekan idi, amma tələbələri ona ürək sirlərini deyib, problemlərini danışırdılar.
Nurməmməd müəllimin xüsusi bir görüş günü varmış. Hər il mayın 27-də hazırlığa başlayırmış, səhəri gün tələbə yolaşları ilə mütləq bir araya gəlib Azərbaycanın Müstəqillik Gününü qeyd edirlərmiş... İndi də ənənə davam edir, amma Müəllimsiz!
... Qubadakı evinin qapısı həmişə açıq olarmış. Övladlarına deyirmiş ki, qapını heç vaxt bağlamayın, bəlkə kimsə gəlib kömək istəyəcək. Gəlirlərmiş də... Qapı indi də açıqdı... Yenə gəlirlər. İndi onu yad etməyə, evində, ocağında olub, xatırlamağa...
Yaxşı adamlar həmişə xatırlanmalıdı. Sevgiylə, sayğıyla, minnət və hörmətlə...