<span style="color:red;">Jurnalistikamızın Şirməmməd müəllimi:  Onu gülə-gülə xatırladılar
25 iyun 2019 14:21 (UTC +04:00)

Jurnalistikamızın Şirməmməd müəllimi: Onu gülə-gülə xatırladılar

Dünən axşamdan medianı, eləcə də ictimaiyyəti görkəmli alim və mətbuat tədqiqatçısı, jurnalist-pedaqoq Şirməmməd Hüseynovun vəfatı məyus edib. 
 
Bəzi tanınmış, eləcə də daima qocaman jurnalistlə ünsiyyətdə olan şəxslər Lent.az-a Şirməmməd Hüseynovla bağlı xatirələrini bölüşüblər:
 
“Ölmək qorxulu deyil”
 
“Yeni Nəsil Jurnalistlər Birliyi”nin rəhbəri Arif Əliyev
 
 
“Şirməmməd müəllim o dərəcə diri adam idi ki, onun ölüm xəbərinə adam görməsə, inanmaz. Onun çox ifadələri, xatirələri yadımdadır. Şirməmməd müəllim jurnalistikada bizim tanıdığımız ən yaşlı və daima seçilən şəxslərdən biri idi. O bir dəfə belə ifadə işlətmişdi: "Ölmək qorxulu deyil, yaşamamaq qorxuludur". Bu sözü dediyi gündən mənim xatirimdədir.
 
Şirməmməd müəllim həyat dolu idi, bu yaşında araşdırmaları, yaddaşı hamımızdan güclü idi. Mən düşünürəm ki, onun yığdığı, topladığı miras onun illərlə daha yaşamağına bəs edəcək. 
 
Güman edirəm ki, onun Jurnalistika fakültəsinə gətirdiyi qayda-qanunlar daima yaşayacaq. Allah ona rəhmət etsin”.
 
“Bizim işığımız söndü”
 
Bakı Dövlət Universiteti (BDU) mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova:
 
“Şirməmməd müəllim insanların əksəriyyətinin dediyi kimi, Jurnalistika fakültəsinin işığı idi. Onun ölümü ilə bizim işığımız söndü. Elmi şurada onun hər çıxışında yaddaşı, zehni, məntiqi fikir ardıcıllığı, yanaşma tərzi bizi təəccübləndirməklə yanaşı heyrətləndirirdi. Saatlarla ona qulaq assaq da, doya bilmirdik. 
 
Şirməmməd müəllim bu yaşına qədər kimsənin köməyindən istifadə etmədən universitetə gəlib gedirdi. Zənnimcə, fakültə onun boşluğunu çox və hər zaman hiss edəcək. Çünki o çinar idi, jurnalistika məktəbi idi və jurnalistika Şirməmməd müəllim demək idi. 
Həmişə deyilir ki, Jurnalistika fakültəsi digərlərindən fərqlidir və bu fərq elə Şirməmməd müəllimlə bağlı idi. Ümid edirəm ki, yetişdirdiyi kadrlar onun boşluğunu hiss etdirməyəcək”.
 
“Onun istədiyi oldu”
 
BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu:
 
 
“Şirməmməd müəllimin ölümü təkcə Azərbaycan jurnalistikası üçün yox, ölkə insanları, elm ictimaiyyəti üçün də çox ağır itkidir. Bu elə bir itkidir ki, gün keçdikcə, onun ağırlığını daha çox hiss edəcəyik. Şirməmməd müəllim, fenomen idi, həyat eşqi ilə alışıb yanırdı. Hər insanın işi deyildi ki, bütün ömrünü arxivdə işləyərək mənəvi xəzinəmizi taparaq çıxartsın. 
 
Onun elə son 10 ildə nəşr etdirdiyi kitablara, elmi məqalələrə baxmaq bəs edir ki, Şirməmməd müəllimin bizə necə böyük xəzinə qoyub getdiyini görəsən. Müəllim həmişə zarafatla deyirdi ki, o kişi ilə (Allahı nəzərdə tutur) əhdi-peyman bağlamışam ki, Cümhuriyyətin 100 illiyini görüm, sonra ölüm. Onun istədiyi kimi oldu. Biz tələbələri onu hər zaman xatırlayacağıq”.
 
“Ruhun böyük Zərdabinin, Rəsulzadənin, Ağaoğlunun, Üzeyir bəyin müqəddəs ruhuna qovuşur”
 
Tanınmış teletənqidçi, professor Qulu Məhərrəmli:
 
 
“Şirməmməd Hüseynovun tarixi bir missiyası var idi və bu missiyanı şərəflə yerinə yetirdi. Milləti maarifləndirdi, milli düşüncəmizi, istiqlal duyğularımızı körüklədi, xalq olaraq hansı yolla gedəcəyimizi göstərdi. Yaxın keçmişimizlə mənəvi-ruhi əlaqəni bərpa etdi, bizə Cümhuriyyət dərsi keçdi. Qurucu babalarımızı tanıtdı, Rəsulzadənin üzərindəki qara qısqanclıq pərdəsini qaldırıb onu gün işığına çıxartdı, əsərlərini çap etdi, ideyalarına qol-qanad verdi, mətbu irsimizlə bağlı qiymətli kitablar yazdı. 
Tamamlaya bilmədiyi işləri qalsa da, özündən sonrakılar üçün zəngin irs və mənalı yaşamaq örnəyi qoyub getdi. Həyatı və yaradıcılığı həqiqət, ləyaqət və vicdan üzərində qurulmuş Şirməmməd Hüseynovun vəfatı ilə mətbuat tariximizdə, jurnalistikamızda böyük bir epoxa sona yetir.
 
Əziz müəllimim, böyük ustad, Allah sənə rəhmət eləsin! Bu millət üçün etdiyiniz təmənnasız xidmətlər heç vaxt unudulmayacaq, yeriniz hər zaman görünəcək! Ruhun böyük Zərdabinin, Rəsulzadənin, Ağaoğlunun, Üzeyir bəyin müqəddəs ruhuna qovuşur. O gözəl ruhun şad olsun!”.
 
““Dünyanın ən ağır qanteli”nin nə olduğunu anladım”
 
Əməkdar jurnalist, filologiya elmləri doktoru Nəsir Əhmədli:
 
 
“1956-cı ildə Vaqif  Vəkilova (Səmədoğluya) zəng gəlir. Dəstəyi qaldırır, deyirlər ki, atan (Səməd Vurğun) rəhmətə gedib. Dəstək əlindən düşür və Vaqif şeirlərinin birində onu “dünyanın ən ağır qanteli” adlandırır. Dünən metro ilə işdən evə gələrkən telefonuma zəng gəldi ki, Şirməmməd müəllim vəfat edib. Telefon əlimdən düşdü və “dünyanın ən ağır qanteli”nin nə olduğunu anladım”.
 
“Şirməmməd Hüseynov dünyanın ən xoşbəxt ölüsüdür”
 
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli:
 
 
“Şirməmməd müəllim bu dünyadan rahat köçdü - arzularına qovuşaraq. Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpasını, dövlətimizin milli təməllər üzərindən yüksəlişini, üçrəngli bayrağın Vətən göylərində titrəyişini, Azərbaycan Xalq Cümhuriyyətinin, Qafqaz İslam Ordusunun Bakı zəfərinin 100-cü ildönümünü, Azərbaycan və Türkiyə hərbçilərinin birgə yürüşünü gördü. Özündən sonra tarix boyu dəyərini itirməyəcək əsərlər qoydu, yolunu davam etdirəcək yüzlərlə mürid yetişdirdi. Şirməmməd Hüseynov dünyanın ən xoşbəxt ölüsüdür. Mən hər kəsə belə ölüm arzulayıram.
Ruhu şad olsun”.
 
“Otağa gəlmək yerini telefon zəngləri əvəz elədi”
 
BDU-nun “Jurnalistika” Elmi Tədqiqat Laboratoriyasının elmi işçisi olan Samir Xalidoğlu:
 
 
“Müəllim tez-tez laboratoriya otağımıza gələr, vəziyyətimizlə maraqlanardı. Mətbuat tarixi və ümumilikdə media ilə bağlı görüləcək yeni-yeni işlər haqqında danışar, təklif və tövsiyələrini bizdən əsirgəməzdi. 
 
Daha sonra otağa gəlmək yerini telefon zəngləri əvəz elədi. Bu gün, yəni hər həftənin ikinci günü telefonla elmi fəaliyyətimizi davam etdirərdik. Təəssüf ki, bu zənglər artıq olmayacaq. Yeriniz hər zaman görünəcək, Şirməmməd müəllim".
 
S.Xalidoğlu əlavə edib ki, "Jurnalistika" Elmi Tədqiqat Laboratoriyası məhz Şirməmməd Hüseynovun təşəbbüsü ilə yaradılıb.
 
Qeyd edək ki, Şirməmməd Hüseynov 1924-cü ildə Şəkidə (keçmiş Nuxa) anadan olub.
 
Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin professoru, Azərbaycan jurnalistikasının görkəmli simalarından olan Şirməmməd Hüseynov iyunun 24-də vəfat edib. 
 
Mərhum bu gün II Fəxri xiyabanda dəfn olunub.
 
 
Allah rəhmət eləsin!
 
# 1419
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar