<span style="color:red;"> “Peraşki” və “Gelandevagen” dövrunun futbolçuları, optimist Anar – <span style="color:red;">SƏBUHİ MƏMMƏDLİ YAZIR
12 iyun 2019 15:15 (UTC +04:00)

“Peraşki” və “Gelandevagen” dövrunun futbolçuları, optimist Anar – SƏBUHİ MƏMMƏDLİ YAZIR

Yox, oyunu təhlil etməyəcəm. Ona görə yox ki, futbol mütəxəssisi deyiləm. Ona görə ki, dünən Azərbaycan-Slovakiya oyununu keçirildiyi “Baksell Arena”da futbol adına heç nə yox idi. Təbii ki, Azərbaycan yığmasının ifasında. 
 
Əslində, dünən meydançada bir xaos vardı, bir başıpozuqluq vardı. Və bir də 11 nəfər, adına futbolçu deyilən, ora-bura qaçan cavan oğlanlar. Hə, bir də onların başında duran və adına rəsmi olaraq baş məşqçi deyilən Nikola Yurçeviç. Adamın 53 yaşı, 20 illik baş məşqçi karyerası var, amma bircə, hə, bircə uğuru yoxdu. 10 ildən çox həmyerlisi Slavan Biliçin yanında köməkçi kimi hərlənib. Vur-tut bircə dəfə buna komanda etibar ediblər - Zaqreb “Dinamo”sunu - onu da batırıb, yarı yolda qoyub. Və günlərin bir günü AFFA-da kiminsə yadına düşüb və bu uğursuzu milliyə  baş məşqçi gətiriblər. İndi də bizim milli də məğlubiyyət məğlubiyyət ardınca. O isə ancaq bunları deyə bilir hər dəfə: “Azarkeşlərdən üzr istəyirəm, utancverici məğlubiyyətdir”.
 
Hə, utancverici məğlubiyyətdir. Amma ən utancvericisi isə bu adamın millidə baş məşqçi olmağıdır. 
 
Biz slovaklarla bu və ya digər seçmə mərhələlərdə çox görüşmüşük. Futbolçuların öz aralarında “peraşki dövrü” adlandırdığı illərdə belə onlara qalib gəlmişik. 20 il əvvəl, elə bu ərəfədə, iyunun 6-da Vadim Vasilyev və Zaur Tağızadənin qollarıyla onlara Bakıdan əliboş yola salmışıq. Amma onda futbol oynamışıq. İndikilər, “Gelandevagen” dövrunun futbolçuları sanki 90 dəqiqənin bitməsini gözləyirlər.  Bu futbol deyildi, cənablar. Bunu bizə futbol adıyla sırımayın. 
 
2005-ci ildən futbolun inkişafıyla bağlı dövlət proqramı qəbul olundu. 100 milyonlarla pul xərcləndi. UEFA belə uşaq futbolunun inkişafı üçün on milyonlar ayırdı, amma 11 futbolçu yetişmədi. Təsəvvür edin, dünən start heyətində və sonradan əvəzlənən oyunçuların 6-sı… Azərbaycan futbolunun yetişdirməsi deyildi. 
 
İndi uşaq futbolunun inkişafından danışırıq. Niyə inkişaf etmir deyirik. Hardan tapaq o uşaqları? Kim tapsın? Lap tutaq ki, tapdıq. Bəs kim yetişdirsin? Problem birdi, ikidi?
 
Ölkədə sözün həqiqi mənasında futbolçu qıtlığı var. Yetişmir, ardı gəlmir. Ölkə, əslində isə 8 komandalıq Bakı çempionatındakı son transferlərə baxın. Hamı bir-birindən transfer edir. Bu onun oyunçusunu alır, biri o birinin. Yeni adlar yoxdur və olmayacaq. 
 
Bununla futbol inkişaf edər?
 
Hə, biz Avro-20 şanslarımızı tam itirdik. Amma neyləməli? Dostumuz və həmkarımız Anar Şabanoğlu maraqlı təklif irəli sürüb. Deyir ki, Azərbaycana heç bir aidiyyatı olmayan - Nazarov, Almeyda, Krivotsyuk, Bədavi və və başqa legionerlərlə vidalaşılmalı, əvəzində Amin Seydiyev, Bəhlul Mustafazadə, Ömər Buludov, Mirabdulla Abbasov, Fərid Nəbiyev, Kamran Quliyev, Vüsal Əsgərov və başqa gənclərə güvənilməlidi. İndiki heyətdəki futbolçulardan ən azı daha zəif olmayan gənclər var. Sadəcə, onlara güvənmək, dəstək vermək lazımdı. AFFA-nın maddi problemi yoxdu, Yurçeviçi və Obradoviçi dərhal göndərib, nə yolnan olur-olsun Prosineçkini qaytarmaq və onun məsləhət görəcəyi baş məşqçiləri aşağı yaşlardan ibarət millilərə gətirmək lazımdı. Uşaq futbolu haqda yeni bir proqram hazırlanmalı, onları şikəst edən süni örtüklü meydançalara qadağa qoyulmalıdı. Bütün süni örtüklü meydançalar təbii ilə əvəz edilməlidi. Planlı şəkildə Hollandiyadan, İspaniyadan və başqa ölkələrin superklublarının ("Ayaks", "Barselona" və s.) akademiyalarından kütləvi şəkildə uşaq futbol mütəxəssislərini gətirib, onlarla ən azı 5 illik müqavilə bağlanılmalıdı. 
 
Anarın optimizminə heyranam... 
 
# 744
avatar

Oxşar yazılar