İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor təyin olunub   
24 iyul 2026 13:24 (UTC +04:00)

İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor təyin olunub  

0

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına yeni direktor təyinatı olub.

Lent.az-a Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Hacıbaba İsmayıl oğlu Məmmədov teatrın direktoru təyin edilib.

Qeyd edək ki, H.Məmmədov bu təyinatadək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktor müavini vəzifəsində çalışıb.

Son illərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrı dəfələrlə müxtəlif qalmaqallarla gündəmə gəlib. Teatrda əsasən rəhbərliklə aktyorlar arasında qarşıdurmalar, işdən çıxarılmalar, kollektiv narazılığı, maliyyə və qastrol ödənişləri ilə bağlı iddialar müzakirə mövzusu olub. Bir sıra tanınmış aktyorlar rəhbərliyin fəaliyyətini tənqid edib, kollektiv adından dövlət qurumlarına müraciətlər ünvanlanıb.

Belə ki, 2017-ci ildə aktyor Əjdər Zeynalov teatrdan uzaqlaşdırıldığını və bunun qanunsuz olduğunu bildirib. O, rəhbərliyi şəxsi maraqlarla hərəkət etməkdə ittiham edib. Teatrın direktoru İftixar Piriyev isə aktyorun iddialarını rədd edərək onun peşə fəaliyyəti barədə sərt açıqlamalar verib.

Sözügedən ildə təxminən 30 mədəniyyət xadimi Prezidentə müraciət ünvanlayıb. Müraciətdə İftixar Piriyevin rəhbərliyi dövründə çoxlu sayda xalq artisti, əməkdar artist və gənc aktyorun teatrdan uzaqlaşdığı iddia edilib. Məktubda teatrda sağlam yaradıcılıq mühitinin pozulduğu qeyd olunub.

2019-cu ildə Əməkdar artist Vaqif Kərimov və digər aktyorlar qastrol səfərlərində onlara ödənilən məbləğlə rəsmi sənədlərdə göstərilən rəqəmlərin fərqli olduğunu iddia ediblər. İddialara görə, faktiki ödənişlər xeyli az olub.

2024-cü ildə  Əməkdar artist Sərvər Əliyev rəhbərliyin aktyorlardan onun əleyhinə imza topladığını iddia edib. Bu hadisədən sonra aktyor Anar Bulud etiraz əlaməti olaraq teatrdan ayrılıb.

2025-ci ildə teatrın keçmiş direktoru və Xalq artisti Vidadi Əliyev açıqlamalarında bildirib ki, İftixar Piriyevin rəhbərliyi dövründə teatr qalmaqal və şəxsi ədavət ocağına çevrilib. O, teatrın adının tez-tez məhkəmə çəkişmələrində hallandığını və kollektivin ciddi zərər gördüyünü söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar