2419
10:07
30 Aprel 2019

İş adamı ilə nişanlanan müğənnimizin TOYU TƏXİRƏ DÜŞDÜ: "...olmayacaq"

Ötən ay paytaxt məkanlarının birində özünə xınayaxdı edən aşıq Ulduz Sönməzin qızı, müğənni Sədaqət Ulduzun may ayında Türkiyədə olacaq toyu təxirə düşüb.

Bu barədə Lent.az -a Sədaqət Ulduzun özü açıqlama verib.

O bildirib ki, müəyyən səbəblərə görə may ayında gəlinlik geyinə bilməyəcək:

“Mən Bakıda deyildim, yeni gəlmişəm. Toyum mayda olmalı idi, amma sevdiyim insanın müəyyən işləri olduğuna görə məclis növbəti aylarda olacaq. Yəni imkan tapıb bir araya gələ bilmirik ki, toyumuzu edək. Amma mən nəyəsə görə, tez xınayaxdımı etdim (gülür). Yəqin ki, yayda olar. Artıq dəqiq vaxt bilmirəm”.

S.Ulduz onu da əlavə edib ki, ailə qurandan sonra sənətini atmayacaq:

“Toydan sonra sənətdən getməyəcəm. Çünki bəy elə mənim sənətimə vurulub. Müğənniliyimi davam etdirəcəm. Çünki mən sənətə yeni gəlməmişəm”.

Qeyd edək ki, Sədaqət Ulduzun xınayaxdısı martın 11-də olub. Onunla ailə qurmaq istəyən şəxs Türkiyədə yaşayan azərbaycanlı iş adamıdır. Onların toyu İstanbulda olacaq.