London olimpiadasının mükafatçısı Azərbaycan çempionatına buraxılmadı - QALMAQAL
19 fevral 2013 15:38 (UTC +04:00)

London olimpiadasının mükafatçısı Azərbaycan çempionatına buraxılmadı - QALMAQAL

Fevralın 19-da start götürən ağırlıqqaldırma üzrə Azərbaycan çempionatında qalmaqal baş verib. Lent.az-ın məlumatına görə, çempionatın baş hakimi Vahid Nəzərov qadınların mübarizəsinə qatılmaq istəyən 3 atleti yarışa buraxmayıb.

 

Bunlar moldovalı Kristina Yovu, türkiyəli Eda Çakal və ukraynalı Kseniya Vişnevskayadır. Yovu və Vişnevskaya 58 kq, Çakal isə 68 kq çəki dərəcəsində çıxış etmək istəyib. Lakin baş hakim onların Azərbaycan vətəndaşları olmadıqlarını bildirərək, iştiraklarına icazə verməyib.

 

Məlumatı Nəzərovun özü də Lent.az-a açıqlamasında təsdiqləyib. Onun sözlərinə görə, əcnəbilərin Azərbaycan çempionatında iştirakı “İdman haqqında” Qanuna ziddir. Bu səbəbdən, hər 3 ağırlıqqaldıran milli çempionatdan kənarlaşdırılıb. Nəticədə Yovu, Çakal və Vişnevskaya yığma komandalarımızın məşqçilər heyətinin istəyi ilə qüvvələrini müsabiqədənkənar sınayıblar. Amma onların nəticələri qeydə alınmayıb.

 

Əvəzində 7 çəki dərəcəsində 10 ağırlıqqaldıran qadınların mübarizəsinə qatılıb. 48 kq, 58 kq, 69 kq, 75 kq və 75 kq-dan yuxarı çəkilərdə 1, 63 kq çəkidə 2, 53 kq-da isə 3 atlet yarışıb. İdmançılardan 3-ü legioner olub. Qalanları isə bölgələri – Gəncə, Qazax və Goranboyu təmsil edib.

 

Qeyd edək ki, Kristina Yovu 2012-ci il London Yay Olimpiya Oyunlarında 53 kq çəki dərəcəsində bürünc medal qazanıb. O, iki hərəkətin cəmində 219 kq ağırlıq qaldırıb. Eyni çəkinin öhdəsindən taypeyli Hsu Şu-Çinq də gəlib. Lakin 21 yaşlı Yovunun çəkisi Hsudan 380 qram ağır olduğundan, gümüş medala sahib ola bilməyib. Qızıl medalı isə qazaxıstanlı Zulfiya Çinşanlo (226 kq) qazanıb. Eda Çakalın 20 yaşı var. O, 2008-ci ildə yeniyetmələr arasında Avropa çempionu, Yeniyetmələrin ilk Olimpiadasında 6-cı yerin sahibi və 2012-ci ildə gənclər arasında Türkiyə çempionudur. Kseniya Vişnevskayanın nailiyyətləri barədə isə məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2008
avatar

Oxşar yazılar