Azərbaycan yığması tarixində ilk dəfə Avropa çempionatında
06 sentyabr 2010 14:06 (UTC +04:00)

Azərbaycan yığması tarixində ilk dəfə Avropa çempionatında

Lent.az-ın məlumatına görə, yığmamız sentyabrın 10-da Portuqaliyanın Montemor-o-Velyo şəhərində start götürəcək qitə birinciliyində mübarizə aparacaq.

Nüfuzlu yarışda ölkəmizi 3 kişi avarçəkən təmsil edəcək. Aleksandr Aleksandrov 1 nəfərlik qayıqla (M1X), Cavid Əfəndiyev – İqor Xmara dueti isə 2 nəfərlik yüngül çəkili qayıqla (LM2X) 2000 metr məsafəyə yürüşlərdə qüvvələrini sınayacaqlar. Hər 3 idmançımız 22 – 25 iyulda Belarusun Brest şəhərində 23 yaşadək akademik avarçəkənlər arasında təşkil olunmuş dünya çempionatında uğurla çıxış edib. Onlar eyni kateqoriyalı qayıqlarla yürüşlərdə əsas finaladək irəliləyiblər. Yekunda Aleksandrov gümüş medal qazanıb. Əfəndiyev – Xmara dueti isə 6-cı yeri tutub. Bundan sonra təmsilçilərimiz Bolqarıstana yollanıblar. Avarçəkənlərimiz əvvəlcə yüksək dağlıq şəraitdə yerləşən Bilmiken kurort bazasında, ardından Plovdiv şəhərində hazırlıq keçiblər. Sentyabrın 6-da isə millimiz həmin şəhərdən Avropa çempionatının keçiriləcəyi məkana yollanıb. Onlar yarışa baş məşqçi Rudiger Hauffe, köməkçi-məşqçilər Yuliana Stoyeva və Sergey Prodanın rəhbərliyi altında hazırlaşıblar.

Avropa çempionatında ümumilikdə 34 ölkədən 618 idmançı mübarizə aparacaq. Aleksandr Aleksandrovun çıxış etdiyi kateqoriyada 21 avarçəkən yer alacaq. Onların arasında 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi Olaf Tufte (Norveç) və gümüş mükafatçısı Andrey Sinek (Çexiya), həmçinin, olimpiadanın digər iştirakçılarından Lassi Karonen (İsveç, 6-cı yer), Mindauqas Qriskonis (Litva, 8-ci yer), Matias Raymond (Monako, 22-ci yer), 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatında qızıl medal qazanan Karl Şultse (Almaniya) də var.

Cavid Əfəndiyev – İqor Xmara duetinin rəqibləri sırasında isə Pekin olimpiadası iştirakçılarından Nunu Mendeş – Pedro Fraqa (Portuqaliya, 8-ci yer), eləcə də 23 yaşlılar arasında dünya çempionatında qızıl medal qazanan yunanıstanlı cütlükdəki idmançılardan 1-i – Panagiotis Maqdanis, bürünc mükafatçılar Peter Nörlem – Andreas Ramboel (Danimarka) cütlüyü yer alıb. Bu kateqoriyada ümumilikdə 20 duet iştirak edəcək.

Avropa çempionatına sentyabrın 12-də yekun vurulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 686

Oxşar yazılar