Avqustun sonunda Rumıniyanın 3-cü liqasına start verilib. İlk dövrədə rəqabətədavamlı “Voyntsi Lympeziş” səfərdə “Ajuda”ya 0:3 hesabı ilə uduzub. Qarşılaşmanı gündəmə gətirən isə səfərdə oynayan klubun saxtakarlıqları olub.
Lent.az xarici mediaya istinadla bildirir ki, hələ oyun başlamazdan əvvəl meydan sahibləri hakim Silviu Popa şübhələrini çatdırıblar. Xüsusən də meydan sahiblərinə çatan məlumata görə, rəqib oyun protokolunda göstəriləndən fərqli heyəti meydana çıxarmaq istəyib. Buna görə də futbolçuların şəxsi məlumatlarının bir-bir yoxlanılmasını xahiş olunub.
Təcili aparılan yoxlamadan sonra 11 futbolçudan 6-sı oyuna buraxılmayıb. Hakim onların hamısını geri göndərib. Lakin problemlər tək bunlarla bitməyib.
Ev sahibi olan “Ajuda”nın idman direktoru Kipr Vrabı daha sonra 21 nömrə altında olan futbolçunun öz-özünə xarici dildə danışdığını eşidib. Bu arada, sənədlərə görə, o, 2005-ci il təvəllüdlü rumın olmalı idi. Fasilə zamanı o, bu barədə hakimə məlumat verib və o, yenidən tədbir görüb.
Lakin 19 yaşlı gəncin kimliyini dəqiqləşdirmək çətin olub. Əvvəlcə klub rəhbərliyi izah edib ki, futbolçu kar və laldır, ona görə də heç kimlə danışa bilmir. Ondan adını kağıza yazmağı xahiş etdikdə, yaza bilmədiyi üçün üzr istəyib.
Sonda rumıniyalının Cənubi Amerikadan olan oyunçu olduğu ortaya çıxıb. İş Rumıniya Futbol Federasiyasına verilib. Oyunun nəticəsi ləğv edilib - “Ajuda” 3:0 hesablı texniki qələbə qazanıb.
Bundan əlavə, “Voyntsi”dən üç xal silinib və onlar 450 avro ekvivalentində cərimələniblər. Növbəti pəncərədə klubu transfer qadağası gözləyir.