Prokuror “Meşə qardaşları”na cəza istədi
15 oktyabr 2009 12:00 (UTC +04:00)

Prokuror “Meşə qardaşları”na cəza istədi

Dəstə üzvlərinə uzunmüddətli həbs cəzası verilməsi xahiş olunub


Oktyabrın 15-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Meşə qardaşları” adlı qruplaşma yaradaraq bir sıra cinayətlər törətməkdə, o cümlədən Nərimanov rayonunda yerləşən “Əbu-Bəkr” məscidində terror aktı törətməkdə təqsirləndirilən 26 nəfərdən ibarət mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Lent.az-ın məlumatına görə, hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Mürvət Həsənov təqsirləndirilən şəxslərə cəza istəyib.


Prokuror Azərbaycan vətəndaşları Elnur Bəşirov, Qüdrət Məlikov, Xalid Vəlimətov, Ülfət Məlikov, Vahid Əsədov, Rusiya vətəndaşı Maqomed İsayevin hər birinə 15 il, Türkiyə vətəndaşları Yamin Aliyə 7 və Özdəmir Erginə 3 il azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını xahiş edib. Digər təqsirləndirilənlərə isə 3 ildən 10 ilədək həbs cəzası istəyib.


Növbəti proses müdafiə tərəfinin çıxışı ilə davam edəcək.


Qeyd edək ki, Azərbaycan vətəndaşları Elnur Bəşirov, Qüdrət Məlikov, Xalid Vəlimətov, Ülfət Məlikov, Vahid Əsədov, Zabit Şıxbabayev, Fariz Məmmədov, Samir Babayev, Anar Vəlimətov, Rasim İsgəndərov, Elşən Allahverdiyev, Rafiq Ağacanov, Taleh Məhərrəmov, Teymur Nərimanov, Kamran Bozorgi, Azər Baxışov, Musa Orucov, Aleksandr Nurəliyev, Məmməd Məmmədov, Elxan Osmanov, Zaur Cəfərov, Rüfət Rzayev, Sərdar Bünyatov, Rusiya vətəndaşı Maqomed İsayev, Türkiyə vətəndaşları Yamin Ali və Özdəmir Ergin Zaqatala rayonundan olan “Əbdülməcid” ləqəbli İlqar Mollaçiyev, onun qaynı “Süleyman” ləqəbli Samir Mehdiyevlə cinayət əlaqəsinə girərək, Azərbaycanda iğtişaş yaratmaq, dövlət quruluşu əleyhinə fəaliyyət göstərmək istəyiblər. Onlar “Əbu-Bəkr” məscidində partlayış törətməkdə və digər cinayətkar əməllərdə təqsirləndirilirlər.



Təqsirləndirilənlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq), 120-ci (qəsdən adamöldürmə), 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə ittiham olunurlar.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 553

Oxşar yazılar