Nəqliyyat müfəttişi ilə sürücünün məhkəmə çəkişməsi başladı
14 oktyabr 2009 13:30 (UTC +04:00)

Nəqliyyat müfəttişi ilə sürücünün məhkəmə çəkişməsi başladı

Oktyabrın 14-də Dəvəçi Rayon Məhkəməsində Bakı-Xaçmaz yolunda Nəqliyyat Nazirliyinin Yolların Mühafizəsinə Nəzarət Xidmətinin müfəttişini döyməkdə təqsirləndirilən taksi sürücü Mehman Əmirquliyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib.


Bu barədə Lent.az-a M.Əmirquliyevin vəkili Hafiz Ələsgərov məlumat verib.

Hakim Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə zərərçəkmiş qismində tanınmış «Azəryolservis» ASC-nin 1 saylı yolların mühafizə xidmətinin müfəttişi Vüsal Səmədov iştirak etməyib.

H.Ələsgərov hüquqlarını müdafiə etdiyi şəxsin səhhətində problem olduğuna görə, onun barəsində həbs-qətimkan tədbiri dəyişdirilməsi barədə vəsatət qaldırıb. Dövlət ittihamçısı məhkəmədən vəsatətin təmin olunmamasını xahiş edib. O, təqsirləndirilən şəxsin səhhətindəki problemin penitensiar xidmətin müalicə müəssisəsində həll oluna bilinəcəyini əsas gətirib. Məhkəmə vəsatəti təmin etməyib.

Proses oktyabrın 26-da davam etdiriləcək.


Qeyd edək ki, M. Əmirquliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə ittiham olunur.

İttiham görə, 2009-cu il avqustun 10-da Bakıdan Xaçmaza daş apararkən Dəvəçi rayonu ərazisində Yolların Mühafizəsinə Nəzarət Xidmətinin müfəttişləri ilə sürücü Mehman Əmirquliyev arasında mübahisə yaranıb. Nəticədə sürücü müfəttiş Vüsal Səmədovu döyüb. M.Əmirquliyev ittihamları qəbul etməyib və ibtidai istintaqa ifadəsində müfəttişlər tərəfindən döyüldüyünü bildirib.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 462

Oxşar yazılar