Xəzərdə mühafizə gücləndirilib
14 oktyabr 2009 12:15 (UTC +04:00)

Xəzərdə mühafizə gücləndirilib

DSX bu istiqamətdə ciddi tədbirlər həyata keçirir

Xəzər dənizinin Azərbaycana mənsub bölməsində təhlükəsizliyin təmin edilməsi, neft və qaz ehtiyatlarının hasilatı və daşınması infrastrukturunun mühafizəsi sahəsində Dövlət Sərhəd Xidmətinə (DSX) həvalə olunmuş vəzifələrin icrası ilə əlaqədar sərhəd sularında və sahildə rejim tədbirləri gücləndirilib.


Bu barədə Lent.az-a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.


Xidmətin sərhəd gözətçi gəmiləri, texniki müşahidə və sahil məntəqələri tərəfindən dənizə çıxan üzmə vasitələrinin yoxlanılması, dənizdə hərəkət zamanı müəyyənləşdirilən üzmə rayon və yollarına riayət edilməsi ciddi nəzarətə götürülüb.


Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində oktyabrın 5-də Mərdəkan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri - 1954-cü il təvəllüdlü Babayev Alim Dadaş oğlu, 1973-cü il təvəllüdlü Qraçov Sergey Nikolayeviç, 1974-cü il təvəllüdlü Cabbarov Orxan Ramiz oğlu saxlanılıb. İlkin araşdırma zamanı həmin şəxslərin oktyabrın 4-də saat 22.00 radələrində icazəsiz dənizə çıxmaları, qadağan olunmuş üsulla balıq ovlamaq məqsədilə içərisində partlayıcı maddə yerləşdirilmiş şüşə qabları suya ataraq partlayış törətmələri, bu yolla qanunsuz olaraq 200 kiloqram balıq ovlamaları və realizə etmələri müəyyənləşib.


S.Qraçovun Pirallahı qəsəbəsində yerləşən evinə keçirilmiş baxış zamanı partlayıcı maddələrin hazırlanmasında istifadə olunan kimyəvi maddələr və bikford fitili, saxlanılmış şəxslərin dənizə çıxdıqları qayıqda isə baxış zamanı partlayış yolu ilə balıq ovlanılması zamanı istifadə olunan 1 ədəd akkumulyator, 1 ədəd projektor, 2 ədəd əl toru aşkarlanıb.


Faktla bağlı DSX-nin İstintaq və təhqiqat idarəsi tərəfindən cinayət işi başlanıb, saxlanılan şəxslər barəsində müvafiq tədbirlər görülüb.


Dənizdə qanunsuz olaraq, partlayış işlərinin aparılması nəticəsində neft-qaz hasilatı infrastrukturu obyektlərinə ciddi zərər vurulmasının mümkünlüyünü nəzərə alaraq, DSX tərəfindən bu kimi əməllərin qarşısının alınması istiqamətində tədbirlər ardıcıl olaraq davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 423

Oxşar yazılar