Quba rayonunun İkinci Nügədi kəndindən olan şəhid Cəlil Xeyrullayev Murovdağ zirvəsi, Cəbrayıl, Füzuli rayonlarının və Hadrut qəsəbəsi uğrunda şiddətli döyüşlərin iştirakçısı olub.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Cəlil Xüsusi Təyinatlı Qüvvələrin çavuşu kimi Vətən müharibəsinin ilk günündən qatılıb. Oktyabrın 15-də Füzuli şəhərinin azad olunması uğrunda gedən döyüşlər zamanı yanında tank mərmisinin partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.
Atası Mürvət Xeyrullayev bildirir ki, Cəlilin hərb elminə böyük həvəsi vardı: “Cəlil dörd oğlumun ən kiçiyidir. O, məktəbdə keçirilən "Şahin" hərbi-idman oyunlarında dəfələrlə fərqlənməyi bacarmışdı. Əsgərlikdən gələndən sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi fəaliyyətə başlamaq istədiyini bildirdi. Bu yolun çətin və şərəfli olduğunu söylədim. Cəlil hansı işə başladığının məsuliyyətini anlayırdı. Bu gün oğlumla qürur duyuram, fəxr edirəm. O, torpaq, Vətən yolunda şəhid olub”.
Cəlil döyüşlərin ilk günlərində Murovdağ zirvəsinin azad olunması əməliyyatlarında fəal iştirak edib. Daha sonra Füzuli istiqamətində yaşayış məntəqələrinin işğalına son qoyulması üçün irəli atılan birləşmələrdə yer alıb.
Qardaşı Qüdrət Xeyrullayev bildirir ki, Cəlil ona zəng edərək ağır döyüş əməliyyatlarının getdiyini, ermənilərin silah-sursat və texnikalarını atıb qaçdığını söyləyirdi: “Döyüş yoldaşları Cəlillə bağlı xatirələrini mənimlə bölüşüblər. Onların dediyinə görə, oktyabrın 13-də Cəlilin yer aldığı qrupa Füzuli rayonunda mühüm əhəmiyyətli strateji yüksəkliyin ələ keçirilməsi üçün xüsusi tapşırıq verilib. On nəfərlik heyət tapşırığın icrası zamanı ermənilərin 60 nəfərədək xüsusi təyinatlısı ilə qarşılaşıb. Amansız döyüş zamanı düşmən tamamilə məhv edilib. Cəlilgilin qrupundan isə bir döyüşçümüz şəhid olub, iki nəfər yaralanıb. Yüksəklik düşməndən təmizlənib. Bu onu göstərir ki, bizim əsgərlərin döyüş hazırlığı çox yüksəkdir”.
Cəlil Xeyrullayev nişanlı idi. Toyunun bu ilin iyun ayında keçirilməsi nəzərdə tutulsa da, pandemiya səbəbindən təxirə salınıb. O, sonuncu dəfə zəng edəndə Füzuli uğrunda döyüşdüklərini söyləyib: “Bizə Cəlilin şəhid olduğu xəbəri veriləndə inana bilmirdik. Füzuli uğrunda şəhid oldu. Biz Cəlili kənd qəbiristanlığında dəfn edəndə Ali Baş Komandan televiziyada Füzulinin azad olunduğunu elan etdi. Əminəm ki, qardaşımın ruhu şaddır”.
Şəhid Cəlil Xeyrullayev ölümündən sonra “Vətən uğrunda medalı” ilə təltif olunub.
Vəli Turan
Mais Allahverdiyev