"Yaxınlaşıb oğlanın damarını kəsdi" - Vüsal Şilderin qətlinin  şahidi DANIŞDI
20 oktyabr 2026 17:45 (UTC +04:00)

"Yaxınlaşıb oğlanın damarını kəsdi" - Vüsal Şilderin qətlinin şahidi DANIŞDI

0

Bakı Ağır Cinayətlər Məhkəməsində 13 il əvvəl qəsdən adam öldürmə cinayətini təşkil etməkdə təqsirləndirilən Xəyal Əlizadənin barəsində cinayəti işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə Xəyal Əlizadəyə ifadə vermək təklif edilib. O, hazırda ifadə vermək istəmədiyini, şahidlər dindiriləndən sonra ifadə verəcəyini bildirib. 

Şahid qismində ifadə verən P. Q  təqsirləndirilən şəxsi tanımadığını deyib:

"Hadisə yerinə yaxın qaraj var. Mən orada oturmuşdum. Bir oğlan gəldi, onun arxasınca səliqəsiz geyimli biri gəldi. Yaxınlaşaraq qəfildən oğlanın damarını kəsdi. Biz şoka düşüb uşağın yanına qaçdıq. Oğlan köməklik etmək istədi. Biz onun başına toplaşdıq. Amma ona kömək edə bilmədik. Qətli törədən şəxs bu gün də yadımdadır. Bundan əvvəl qətli törədən şəxslərin məhkəməsində olmuşdum. Onlar qətli törədən deyildi. Qara, balaca boy, qıvrım saç biri idi. Hadisədən 13 il keçib, amma qətli tərədən bu gün də gözümün qabağındadır. Hər dəfə oradan keçəndə həmin hadisə gözümün qabağına gəlir. Mən onlara dedim ki, qətli törədənlər bunlar deyildi. Onlar da dedilər ki, bibi də deyir, biz deyilik. Dedilər ki, türmədə olublar, kökəliblər. Amma qətli törədən səliqəsiz biri idi. Sanki məhkumluq həyatı yaşamış şəxsə oxşayırdı. Qətli törədən hadisədən sonra asta addımlarla, bıçağın qanını qoluna silə-silə gedirdi. Qətlə yetirilən şəxs imdad diləsə də, səsini çıxara bilmirdi".

Növbəti proses 24  noyabra təyin olunub.

Xatırladaq ki, 2013-cü il mayın 2-də Bakı şəhərinin Nərimanov rayonu ərazisində Almaniya vətəndaşı, “Mercedess Benz” şirkətinin Azərbaycandakı təmsilçisinin oğlu Vüsal Şilder aldığı iki bıçaq xəsarəti ilə əlaqədar xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı prokurorluq orqanları tərəfindən aparılmış ibtidai istintaq nəticəsində İsgəndərov Elman Seyidağa oğlu Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən tamah məqsədilə qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, daşıma, gəzdirmə) maddələri, Talıbov Seymur Teymur oğlu isə həmin Məcəllənin 120.2.1-ci və 120.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və cinayət işi baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Müvafiq məhkəmə hökmləri ilə sadalanan cinayətlərdə təqsirli bilinərək Elman İsgəndərov 15 il, Seymur Talıbov isə 12 il maddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi və əldə olunan sübutların tədqiqi zamanı Əlizadə Xəyal Məzahir oğlunun sözügedən cinayətin təşkili və törədilməsinə rəhbərlik etməsinə əsaslı şübhələr müəyyən edilib. Bununla əlaqədar onun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək cinayət təqibi davam etdirilib.

Xəyal Əlizadə Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb və istintaqdan qaçıb gizləndiyinə görə, barəsində beynəlxalq axtarış elan edilib.
Aparılmış axtarış tədbirləri nəticəsində Xəyal Əlizadənin Birləşmiş Ərəb Əmirliklərində olduğu müəyyən edilib.

Ötən müddət ərzində Xəyal Əlizadənin ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən müvafiq tədbirlər keçirilib. Baş Prokurorluğun vəsatəti əsasında Ədliyyə Nazirliyi tərəfindən göndərilmiş sorğu nəticəsində o, 2026-cı il yanvarın 11-də Birləşmiş Ərəb Əmirliklərinin səlahiyyətli orqanları tərəfindən tutulub və sonradan Azərbaycana ekstradisiya edilib.

Cinayət işinin ibtidai istintaq davam etdirilib, toplanmış mötəbər sübutlar əsasında Xəyal Əlizadəyə Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə cinayətini təşkil etmə) maddəsilə ittiham elan edilib, barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Almaniya vətəndaşı olan 23 yaşlı Vusal Şilder Adolf əslən azərbaycanlı olub. Almaniya vətəndaşı olan kişi ilə Azərbaycan vətəndaşı olan qadın Vusal Şilder Adolfu Bakıda övladlığa götürüblər. O, Qərb Universitetinin ikinci kurs tələbəsi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 306

Oxşar yazılar