Bakıda lift işləməyən binanın sakinləri illərdir borcları ödəmir.
Bu sözləri məsələ ilə bağlı Lent.az-a danışan “Lifttəmir” İstehsalat Birliyinin nəzdində "Temp" dövlət müəssisəsinin rəisi Cilovxan Əliyev deyib. O, liftin işləməməsinin borca görə olmadığını bildirib:
"O bina birblokludur, sakinlərin demək olar ki, hamısının borcu var. On iki gündür liftin işləməməsi ilə bağlı iddialar doğru deyil. Mühəndislər təmir edib, üç gün işləyib, sonra yenidən xarab olub. Bu gün elektrik yenidən baxış keçirib, platada nasazlıq olduğu üçün söküb, təmirə göndərmişik, sabaha bərpa olunacaq.
Biz lifti borca görə saxlamırıq, amma sakinlər də borcu ödəməlidirlər. Xidmət haqqı çox cuzi məbləğdir, cəmi 20 qəpikdir. Borc isə 211 manatdır. Məbləğə baxanda da görünür ki, illərdir bu pul ödənilmir. Cəmi 1 nəfərin borcu yoxdur.
Onu da qeyd edim ki, sakinin üzərinə qışqırıb, otaqdan çıxarılması ilə bağlı iddialar əsassızdır", - deyə, o, bildirib.
***
15:32
Bakının Nizami rayonu, Naxçıvanski küçəsi, 76 ünvanında doqquzmərtəbəli binada yaşayan sakinlər liftin tez-tez sıradan çıxmasından şikayətçidirlər.
Lent.az-a müraciət edən bina sakini bildirib ki, köhnə lift demək olar, hər həftə xarab olur. Onun sözlərinə görə, artıq 12 gündür lift işləmir və bu vəziyyət yuxarı mərtəbələrdə yaşayan sakinlərə ciddi çətinlik yaradır.
Şikayətçi deyir ki, Nizami rayonunun lift təmirinə cavabdeh qurumuna dəfələrlə müraciət etsə də, problem davamlı həllini tapmayıb:
“Zəng etməkdən bezmişəm. Hər dəfə müxtəlif səbəblər gətirirlər. Gah maaşlarının ödənilmədiyini, gah da lifti düzəltməyin sərf etmədiyini deyirlər. Hansısa qonşunun aylıq ödəniş etməməsinə və ya işçilərin maaşlarının verilməməsinə görə biz niyə əziyyət çəkməliyik?
Özüm evdən işləyirəm. Uşaqları məktəbə və bağçaya aparıb-gətirmək üçün gün ərzində altı dəfə pilləkənlə qalxıb-enirəm. Fiziki cəhətdən çox əziyyət çəkirəm. Binanın yuxarı mərtəbələrində yaşlı insanlar da yaşayır. Bəzən çörək almaq üçün belə uşaqları evdə qoyub düşməli oluram. Mən olmayanda onlara nə isə olsa, buna kim cavab verəcək?”.
Sakin lift ustasının müraciətlərə münasibətindən də narazılığını ifadə edib. Onun iddiasına görə, liftdə qaldığını bildirəndə usta “Qalmısan, qalmısan da, mən nə edim?” cavabını verərək telefonu söndürüb. Şikayətçi belə münasibətlə bir neçə dəfə üzləşdiyini deyib.
Şikayətçi qeyd edib ki, həyat yoldaşı problemin həlli üçün rayonun lift idarəsinə gedəndə qurumun rəhbəri onun üstünə qışqıraraq otaqdan çıxarıb.
Ailə bundan sonra Bakı şəhərində lift təsərrüfatına cavabdeh quruma yazılı şikayət ərizəsi təqdim edib.
“Lifttəmir” İstehsalat Birliyindən Lent.az-a bildirildi ki, liftin detalı xarab olub, lakin sakinlər ödəniş etmədiyi üçün təmir həyata keçirilə bilmir.