Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində 5 nəfər meymunçiçəyi xəstəliyinə yoluxub.
Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Meymunçiçəyinə yoluxma halları varmı? Təhlükəli vəziyyət varmı?
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2026-cı il ərzində ölkə ərazisində meymunçiçəyi (mpox) virusuna yoluxma faktı qeydə alınmayıb:
"Hazırda respublikada infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət sabitdir və tam nəzarət altındadır.
Meymunçiçəyi xəstəliyinin ölkəyə daxil olmasının qarşısının alınması məqsədilə sərhəd-keçid məntəqələrində nəzarət tədbirləri davamlı şəkildə həyata keçirilir.
Eyni zamanda tibb işçiləri üçün məlumatlandırma tədbirləri aparılır, əhali arasında isə profilaktik tövsiyələr paylaşılır. Vətəndaşlara şəxsi gigiyena qaydalarına riayət etmək, xüsusilə xarici səfərlər zamanı sağlamlıqla bağlı diqqətli olmaq tövsiyə olunur.
Ümumilikdə, hazırda Azərbaycan üçün meymunçiçəyi ilə bağlı real epidemioloji təhlükə mövcud deyil".