Ədədi 60 qəpiyə olan çörək də var, bir dilimi 10 manata da. Maraqlısı odur ki, arasında dəfələrlə qiymət fərqi olan çörəklərin hansı daha faydalıdır? Nəyə görə bəziləri baha, bəziləri daha ucuzdur? Baha qiymətə satılan çörəklər dahamı faydalıdır?
Qida eksperti Ağa Salamov Lent.az-a açıqlamasında bildirib ki, çörəyin keyfiyyətini qiymətindən çox, hazırlanma texnologiyası və istifadə olunan xammal müəyyənləşdirir:

“Burada söhbət çörəyin bahalı və ya ucuz olmasından getmir. Əsas məsələ onun hansı undan, hansı xammaldan və necə hazırlanmasıdır. Tam buğda unundan və ya tam buğda ilə çovdar ununun qarışığından hazırlanan bəzi çörəklər uzunmüddətli fermentasiyadan keçir. Bu proses iki-üç gün davam edə bilər. Belə çörəklərin qiymətinin yüksək olması həm xammalla, həm də hazırlanmasına sərf olunan vaxtla bağlıdır.
Bu çörəklərin tərkibində lif, mikroelementlər və vitaminlər var. Bir dilimi də insanı doyura bilir. Həzm sistemi və bağırsaq mikroflorası baxımından da faydalı hesab olunur”.
Ekspert təbii acıtmanın hazırlanmasının da vaxt və qulluq tələb etdiyini vurğulayıb:
“Acıtmanı un və sudan əldə etmək mümkündür. Qarışıq müəyyən müddət saxlanılır və müntəzəm olaraq un və su əlavə edilməklə bəslənir. Bunun öz texnologiyası var: nə qədər un və su əlavə olunacağı, hansı şəraitdə saxlanılacağı nəzərə alınmalıdır. Noxuddan və başqa məhsullardan hazırlanan mayalar da var.
Belə acıtma ilə yoğrulan xəmir həmin gün bişirilməyə bilər. Xəmir 24 saat və ya daha uzun müddət fermentasiyadan keçir. Sürətli istehsalda isə çörək eyni gündə yoğrulur, bişirilir və satışa çıxarılır. Uzun fermentasiya üsulunda istehsalçı daha çox gözləməli olur. Bu da qiymətə təsir edir.
Ağ un hazırlanarkən taxılın kəpək və rüşeym hissələri ayrılır. Bu isə lifin və bəzi qida maddələrinin azalmasına səbəb olur. Tam buğda unu ilə hazırlanan çörəklə ağ çörək arasındakı əsas fərqlərdən biri də budur.
Çörək xaricdən, məsələn, Almaniyadan gətirilirsə, onun qiymətinə daşınma və gömrük xərcləri də əlavə olunur. Satışda 25-30 manatlıq çörəklərə də rast gəlmək mümkündür. Buna görə çörəyin baha olmasının səbəbini yalnız hazırlanma texnologiyasında axtarmaq olmaz”.